BLOQ

Ermənistanın Rusiyadan kritik iqtisadi asılılığı

Qərb bu asılılığı azalda bilərmi?

Ermənistanın Rusiyadan kritik iqtisadi asılılığı
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Regionda gedən hazırkı geosiyasi proseslər fonunda Ermənistanın Rusiyanın siyasi orbitindən uzaqlaşması və Qərbə inteqrasiyası Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurur. Əsas suallardan biri, iqtisadi baxımdan Rusiyadan kritik asılılığın mövcud olduğu şəraitdə Ermənistanın bu məqsədinə nə dərəcədə nail ola biləcəyi ilə bağlıdır. Bu suala cavab tapmaq üçün  Ermənistanın Rusiyadan kritik asılılığının nə səviyyədə olmasını və bu asılılığı azaltmaq üçün Qərbin Ermənistana yardım etmək imkanlarının nə dərəcədə olduğunu müəyyən etmək lazımdır.

    Xarici ticarət
    Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin  ilk 8 ayında Ermənistandan Rusiyaya ixrac 2,1 dəfə artaraq $2,3 milyarda, idxal isə 16% artaraq $1.9 milyarda çatıb. Rusiyanın ixracda payı 51%, idxalda payı isə 25% təşkil edib.

    2021-ci il ilə müqayisədə Rusiyanın Ermənistanın ixracında payı 28.2%-dən 51%-ə qalxmış, idxalda isə 37.3%-dən 25%-ə qədər azalmışdır. Avropa İttifaqının (Aİ) isə əksinə ixracda payı 21.8%-dən 11.2%-ə enmiş, idxalda payı dəyişməmişdir. 2021-ci ildə Rusiya idxalda, Aİ isə ixracda daha böyük paya sahib olsa da bu 2023-cü ildə əksinə dəyişmişdir.

    Buna səbəb Rusiya-Ukrayna müharibəsi səbəbindən Ermənistanın Rusiyaya yenidən ixracda iştirakıdır. 2023-cü ilk yarısında Ermənistandan Rusiyaya ixrac 215% artmışdır ki, bunun da 187%-i yenidən ixracın payına düşmüşdür. 

    Strateji məhsulların idxalı
    2022-də Ermənistanda elektrik enerjisi istehsalının 70%-i, təbii qaz idxalının 88%-i, maye qaz idxalının isə 90%-i Rusiyanın payına düşüb. Bu dövrdə Rusiyadan maye qaz idxalının həcmi 4.1 dəfə, payı isə 3.3 dəfə artıb. 2022-ci ildə neft məhsullarının (benzin,dizel) idxalının 76.1%-i Rusiyanın payına düşmüşdür.

    Ermənistanda elektrik enerjisinin 40%-ni təmin edən Metsamor AES-də Rusiyanın Rosatom şirkəti tərəfindən idarə edilir. 2016-da stansiyada yenilənmə işləri üçün Rusiya tərəfindən Ermənistana $300 milyon vəsait ayrılmışdı.

    Bundan başqa, 2022-ci ildə buğda idxalının 99.9%-i, qarğıdalı idxalının 98.8%-i, pasta idxalının 82.2%-i, marqarin idxalının 72%-i, un məmulatlarının idxalının isə 66.6%-i Rusiyanın payına düşmüşdür.

    Pul köçürmələri və investisiyalar
    2021-2022-ci illərdə Ermənistana daxil olan pul köçürmələrində Rusiyanın payı 55%-dən 70%-ə qalxıb. 2022-ci ildə təkcə Rusiyadan pul köçürmələri 4 dəfə artaraq $3.6 milyarda çatıb. Rusiyanın 2022-ci ildə xarici investisiyalarda payı 80% (5 dəfə artıb), xarici birbaşa investisiyalarda (XBİ) payı isə 60% olub (3 dəfə artıb).

    Nəticə
    Ermənistan ticarətdə, enerji sektorunda, qida təhlükəsizliyində Rusiyadan ciddi şəkildə asılıdır və bu asılılıq Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da artmışdır. Ermənistanın siyasi olaraq Rusiyaya qarşı getməsi iqtisadi əlaqələrdə özünü əks etdirmir.

    Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi (61%) yerli kənd təsərrüfatı və qida məhsullarının ixracını Qərbə yönəltmək asan deyil. Çünki, onların istehsalı Avropanın tələblərinə uyğun deyildir. Bu istehsal səviyyəsinin azalmasına, işsizliyin artmasına səbəb ola bilər.

    Ermənistanın əsas qaz təminatçısı Rusiyadır (ikincisi İrandır). Ermənistanın Rusiyanı qaz idxalında tam olaraq İranla əvəz etməsi fiziki olaraq mümkün deyil. Həm də bu siyasi ziddiyət yaradan məsələdir. Yeganə alternativ Azərbaycanın ola bilər.
    Metsamor stansiyasının da tam olaraq Rusiyanın nəzarətindən çıxarılması mümkün deyil və Aİ onun fəaliyyətinin təhlükəsizlik səbəbilə dayandırılmasını vacib hesab edir (2026-cı ilə qədər).

    Rusiyadakı erməni miqrantların da Qərbdə iş tapmaqları çətindir. Onlar Qərbin əmək bazarının tələblərinə cavab vermir. Həm də Rusiyaya qarşı sanksiyalar davam etdikcə yenidən ixrac vasitəsilə gəlir əldə etmək Ermənistana sərfəli olacaqdır və bunun dayandırılması ciddi iqtisadi geriləmə yaradar.

    Ermənistan tam olaraq Qərbə inteqrasiya etmək istəyirsə o zaman institusional dəyişikliklər də baş verməlidir. Lakin, Ermənistan hələ də KTMT, MDB və Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür.

    Ermənistan KTMT-dən ayrılarsa, AİB-in üzvü olaraq qalması siyasi olaraq qeyri-mümkündür. Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyirsə bunu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan etməyə məcburdur. 

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi