MÜSAHİBƏ

Qarabağın erməni əhalisi arasında parçalanmalar baş verir

ANS Press-ə müsahibəsində politoloq Fərhad Məmmədov Qarabağ ermənilərinə üçüncü dəvətin olmamasını Ermənistanla olan danışıqlarla əlaqələndirir

Qarabağın erməni əhalisi arasında parçalanmalar baş verir
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Politoloq Fərhad Məmmədovun Azərbaycan-Ermənistan danışıqları, Qarabağ ermənilərinə rəsmi Bakının üçüncü dəvətinin olmaması ilə bağlı ANS Press-ə müsahibəsi

    - Sərhəd-Keçid Məntəqəsi (SKM) qoyulandan sonra Azərbaycan Qarabağ ermənilərini danışıqlar üçün Bakıya dəvət etmir. Bu nə ilə bağlıdır? Bundan əvvəl rəsmi Bakı Qarabağ ermənilərini iki dəfə dəvət etmişdi. Düzdür, qarabağlı ermənilər dəvətləri qəbul etməmişdilər.

    - Şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yerləşdirildikdən sonra Ermənistanla danışıq prosesi aktivləşib. Və görünən odur ki, Brüssel görüşündən sonra ərazi bötüvlüyünün tanınmasında ciddi proqres var və faktiki olaraq 86,6 min kv kilometr o deməkdir ki, Ermənistan tərəfindən Qarabağ Azərbaycandır deyilməsinə biz yaxınlaşırıq. Yəni əgər hər hansı sənəd imzalansa, bu orada öz əksini tapacaq. Bu artıq Azərbaycana imkan verəcək ki, Ermənistandan tələb etsin ki, Qarabağ erməniləri ilə həyata keçirdiyi resurs dəstəyini öz xoşu ilə qarşısını alsın. Ruben Vardanyanın dünənki postunda verdiyi ismarışlar da məhz Bakı ilə dünya ictimaiyyətindən daha çox Ermənistana yönəlik idi. 

    Vardanyanın "şərt"lərinə görə, "1. Ermənistanla heç bir məhdudiyyət və nəzarət olmadan maneəsiz əlaqə saxlnılmalıdır 2. Qarabağ erməniləri öz pasportlarını saxlamalıdlr, onlar guya heç vaxt Azərbaycanın tərkibində olmayıblar. 3. Ermənistan valyutasından istifadə etməlidirlər. 4. Öz "hüquq sistemləri", öz "Ali Məhkəmə"ləri, öz "parlament"ləri, "prezident"ləri var və bütün bunlar da erməni olmalıdır. 5. Öz infrastrukturlarına, məsələn, qaz təchizatına, elektrik enerjisinə nəzarət etməlidirlər. Nəhayət, "öz dilimizi, dinimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamalıyıq. Bunlar heç kimin keçməsinə icazə verməməli olduğumuz altı ən vacib sərhəddir".

    Fikir verdinizsə, əsasən resurs təminatı ilə bağlı olan məsələlərdir və ismarışların əsas ünvanı Ermənistan hakimiyyəti idi. Əlbəttə, Vardanyanın əvvəl hansısa psevdo vəzifəsi var idisə, indi o da yoxdur. 

    Əgər Ermənistan “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” mücərrəd cümləsində 86,6 min kv kilometrə yaxınlaşırsa, deməli, Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyini öz üzərinə götürür.

    Belə olan halda artıq Qarabağ erməniləri daxilində təşviş düşüb.

    Üçüncü dəvətin olmamasını mən birinci variant olaraq Ermənistanla olan danışıqlarla əlaqələndirirəm.

    - Ola bilərmi ki, Qarabağ erməniləri arasında parçalanmalar da danışıqların baş tutmamasının səbəblərindən olsun?

    - Bəli, bu ikinci məqamdır.

    Qarabağın erməni əhalisi arasında parçalanmalar baş verməkdədir. Biz görürük ki, hərbi diktatura yaradan Arayik (Qarabağdakı separatçıların lideri Arayik Arutunyan nəzərdə tutulur – red.) və onun ətrafında olan, psevdo vəzifə daşıyan insanlar var, eyni zamanda yenidən Ruben Vardanyan və ona qarşı olan Samvel Babayan (separatçı rejimin keçmiş “müdafiə naziri” – red.) fəallaşıb. Onların dedikləri bir-birinə oxşaya bilər. Məqsədləri eyni olsa da, ona çatma yolları fərqlidir.

    Belə görünür ki, mərkəzi hakimiyyət, yəni Bakı bu proseslərin hansı səviyyəyə qədər inkişaf etməyini gözləyir – daxildən parçalanmalar, Rusiya sülhməramlılarına olan münasibətdə etimadsızlıq – bunlar hamısı Bakıya lazımdır ki, müqavimət hissinin artırılmasının qarşısı alınsın. Bu zaman onlar artıq seçim qarşısında qalacaqlar: ya ərazidə qalıb vətəndaşlığı qəbul etmək, ya da hal-hazırda “vətəndaş”ı olduğu əraziyə - Ermənistan Respublikasının ərazisinə köçmək. Çünki indi orada diskusda o da var ki, “əgər biz (Qarabağın erməni əhalisi – red.) gələcəyə baxışımızı formalaşdıra bilmiriksə, onda biz köçməliyik”. Bunu da Paşinyanın üstünə atacaqlar.   

    - Təşəkkür edirəm müsahibənizə görə!

    - Həmişə xoşdur!