Evlərdən oğurluq edən dəstə saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri Ayaz Əhmədov, Ramil Alıyev və Elşad Hüseynov saxlanılıblar.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov, R.Alıyev və E.Hüseynov müxtəlif vaxtlarda rayon ərazisində yerləşən üç fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən televizor, samovar, musiqi mərkəzi, xalçalar, eləcə də müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayıblar. Zərərçəkmişlərə ümumilikdə 10 000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri ələ keçirdikləri qənimətlərin bir qismini ucuz qiymətə sataraq, əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.