Məmməd və ya Məhəmməd Əmin Rəsulzadə - 140 il yaşayan tarix!
Çox hörmətli Nəsiman Yaqublu və Qulu Məhərrəmli, əziz arxadaşlar!
Son günlər xaricdə ezamiyyətdə olduğumdan Azərbaycan ziyalıları çevrəsində baş verən hadisələrdən xəbərsiz idim, lakin ANS Press vasitəsi ilə əldə etdiyim məlumatlardan mənə aydın oldu ki, bu yaxınlarda müəllifi əziz dostum Qulu Məhərrəmli olan “Məmməd Əmin Rəsulzadə” kitabı işıq üzü görüb və sözsüz ki, yerli ziyalılar arasında gizlədilməyən marağa səbəb olub. Dostumdan mənə çatan, Məmməd Əmin Rəsulzadənin həyatı və şəxsiyyəti ilə bağlı maraqlı faktlar və mülahizələrlə bol bu kitabda müəllifin bəndənizə ürək sözləri də var. Nə deyim. Çox sevindim bu yeniliyə. Ümumiyyətlə, ADR yaradıcılarını oxuculara daha yaxından tanıdacaq və sevdirəcək hər bir məqaləyə belə mən şad oluram, qalsın ki kitaba.
Eyni zamanda bu kitabla yaxından tanış olan tarixçi və “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nin müəllifi, əziz dostum Nəsiman Yaqublu təbii ki, kitab haqqında öz mülahizələrini ictimailəşdirib. Bu da normal bir təsadüfdür. Lakin mövzudan uzaq olan bir sıra jurnalist məsələni elmi deyil, şou-biznes hadisəsi kimi qarşılayıb və onların redaktorlarının diqqətsizliyi nəticəsində məsələ problemli çalarlarla əhatə olunub. Və neftlə zəngin Azərbaycanda olduğu kimi, dərhal hər tərəfin “dost-düşmən”i aktivləşərək məsələyə benzin töküb alovlanmasına dəstək olunblar.
Belə olmamalıdır… Azərbaycanda neçə Nəsiman Yaqublumuz və ya Qulu Məhərrəmlimiz var? Bizim kimi kiçik xalqlar öz ziyalılarını gərək qorusun və onlara bacardıqları dəstəyi versin, axı "Ziyalılar ölkənin bütün pisliklərinə görə cavab verməli olan ən yaxşı insanlarıdır".
Məmməd Əmin, Məhəmməd Əmin və ya özünün tərcümeyi-halında yazdığı kimi Məhmət Əmin Rəsulzadə. Bu imzalar hamısı Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan, 1884-cü ildə ruhani ailəsində doğulan M.Ə. Rəsulzadəyə məxsusdur. Sözsüz ki, ümümiləşdirilmiş identifikasiya gələcək nəsillər üçün tarixi şəxsiyyətn irsini öyrənmək üçün daha rahat olar, amma şəxsən mən məhz texnoloji və faktoloji material nöqteyi-nəzərindən burada ciddi bir nöqsan görmürəm.
Çox yaxşı xatırlayıram, 1990-cı illərin əvvəllərində ANS üçün Məhəmməd Əmin Rəsulzadə barədə veriliş yaratmaq üçün respondent axtarırdım və deyim Sizə ki, bu o qədər də asan iş deyildi… Lakin buna baxmayaraq, xalqımızın minnətdar oğul və xanımları, bu sahəni bilən və çox da dərin bilməyənlər belə mənə dəstək olurdular. İlk respondentim Əbülfəz Elçibəy oldu. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifzadə və digər qurucular barədə danışdıq, çox maraqlı məqamlar öyrəndim. Daha bir respondentim Eynulla Fətullayev idi. O zaman o gənc siyasətçi Məhəmməd Əmin Rəsulzadə və ADR tarixinə həsr edilmiş maraqlı bir məqalə yazmışdı. Bundan sonra Xəlil Rza, Bəxtiyar müəllim Vahabzadə, Ziya Bünyadov və digər ictimai xadimlərin ADR dövrü barədə fikirlərini dinlədim.
O da yadımdadır ki, 1990-cı illərin sonunda, uzun axtrışlardan sonra Məmməd Əmin Rəsulzadənin nəvəsi, Azər bəyin oğlu Ramiz Rəsulzadəni tapdım Naxçıvanda. Onu həyat yoldaşı Zərri xanımla birlikdə təcili surətdə təyyarə ilə Bakıya gətizdirdim. Bu prosesdə mənə ciddi dəstək olan Tahir Tahiroviç və Qahirə xanıma dərin minnətdarlığımı bildirirəm. Mən çox istəyirdim ki, Rəsulzadənin nəsli tanınsın, istəyirdim ki, uzun illər dərd-qəm içində yaşayan bu Azərbaycan qurucusunun nəvələri minnətdar Azəbaycan xalqının isti əhatəsində xoş günlər yaşasınlar. Bakıda Ramiz bəyin iştirakı ilə bir sıra verilişlər hazırladım və onu layiqincə cəmiyyətimizə təqdim etdim. Daim Bakıda qalması üçün biznesmen dostlarımla birlikdə ona bir mənzil də alıb hədiyyə etdik, işlə təmin etdik… Yaxşı xatırlayıram, çox qürurlu və alicənab insan idi, lakin elə bil hələ də Stalin vaxtından indiyə kimi, hələ də çətin və ağır həyat yaşayırdı. ANS-in ona bəxş etdiyi bu anlar, sözsüz ki, ona illərlə çəkdiyi dərdləri, çətin və ağır həyatı boyu özünü və əzizlərini müdafiə etmək üçün yaranan instinktlərinə son qoya bilməzdi. Qanla gələn qenetik Qeyrət hissi onu heç kimdən bir qəpik almağa belə imkan vermirdi. Qalmadı Bakıda, qayıtdı Naxçıvana… Həyatını da yaşadığı kimi səssiz-səmirsiz dəyişdi, fəhlə işləyərək, beli yüklü olsa belə, heç kimə belini əyməyərək, əliboş, lakin heç kimə əl açmayaraq getdi Kişi kimj.
2000-ci illərdə ANS TV və ANS Çingiz Mustafayev adına radioda artıq bu mövzuya həsr olunmuş daha geniş, daha maraqlı və daha elmi verilişlər yaratmağa başladım. Əziz və çox hörmət etdiyim Solmaz xanım Rüstəmova-Tohidi, Firdovsiyyə Əhmədova, Aydın müəllim Balayev, Nəsiman Yaqublu, Rafael Hüseynov və digər M.Ə.Rəsulzadə irsini öyrənən mütəxəssislərlə bir çox verilişlər yaratdım. “Pasport”, “Dahilərin Divanı” və onlarla digər veriliş və süjetlər Azərbaycan cəmiyyətində mövcud məlumat boşluğunu tədricən doldurdu və qurucuları layiqli ön sıraya qaldırdı! Bu minvalla hər yarpaqdan şeh yığaraq ANS öz fəaliyyəti dövründə ADR və onun təsisçiləri barədə onlarla veriliş və yüzlətlə reportaj hazırladı. - Azərbaycanın bir Dövlət kimi qurucuları barədə tam məlumatları hər bir evə gətirdi, vətəndaşların evlərinin ən yaraşıqlı güşələrində, şəxsi avtomobillərinin aynasında, məktəblilərin dəftərlərinin üzərində M.Ə.Rəsulzadənin təsvirləri və imzaları yer tapdı.
Bundan sonra arxivlərdən Rəsulzadənin "Amerika Səsi" radiosuna verdiyi müsahibəsinin texniki səviyyəsi bərbad vəziyyətdə olan çıxışını tapdıq və "Balans" Rəqəmsal Bərpa və Animasiya studiyasının vasitəsi ilə onu tam şəffaflığı ilə təmizlədik və Azərbaycan Xalqının istifadəsinə təqdim etdik. Və bütün bu işlərlə yanaşı, cəmiyyətdə qurucularımıza olan diqqət və maraq da artırdı. Belə ki, yüzlərlə Məhəmməd Əmin aşiqi ANS-ə və mənə şəxsən məqalə, veriliş və maraqlı tapıntılar təklif edir və onları bizim ANS Press və digər mətbu orqanlarında çap edirdirlər. Mən və inanıram ki, bütün Vətənpərvər qüvvələr buna sevinirdilər. Lakin hər bir hərəkət özünə qarşı əks hərəkət yaradır və belə olan halda Məhmət Əmin Rəsulzadəni sevməyənlər də tapıldı. Onu satqın, ailəsini qoyub qaçan, hətta heykəlinin başına sement torbasını keçirənlər də oldu… Bu qüvvələrlə də geniş, ümumxalq yayımda, ANS TV vasitəsi ilə dialoq aparmaq da mənim üzərimə düşdü. Şükür Allaha, yuxarıda sadaladığım faktların heç biri cavabsız qalmırdı. Dəqiq, Qərəzsiz, Vicdanlı prinsiplərinə tam riayət edərək müxtəlif formatlarda diskussiyalar təşkil olundu. Sözsüz ki, rəhmətə getmiş qurucularımız bu cür polemikalarda iştirak edə bilmədiyindən minnətdar xalqımız ANS vasitəsi ilə onların hamısının cavabını verməyə müvəffəq oldu.
Rəssamın yaradıcılıq azadlığı olmaya bilməz - bu aksiomdur. Eyni zamanda tamaşaçının münasibət göstərmək azadlığı olmalıdır. Bu polemika istənilən məkanda yer ala bilər – və bu normaldır, bu mədəniyyətdir, elmdir, inkişafdır. Lakin bu qarşıdurma, qütbləşmə və ya antoqonizm səviyyəsinə gəlib çıxırsa – bu artıq cəmiyyətdə mövcud olan xəstəlikdən bəhs edir. Bu, çıxılmaz bir yoldur. Və bu, heç də qarşılıqlı anlaşmaya gətirib çıxarmır. Mən inanmaq istəyirəm ki, sağlam düşüncə qalib gələcək. Məncə hər bir hadisədə iştirak edən tərəfin öz mövqeyini bildirmək hürriyyəti olmalı və əks tərəf bunu ya elmi polemika ya da dəstək kimi qəbul etməlidir, düşmənçilik kimi yox.
2024-cü il Yanvar ayının 31-də, in şa Allah, bütün Azərbaycan xalqı M.Ə.Rəsulzadənin 140 illik yübileyini təntənəli surətdə qeyd edəcək. Və bu ərəfədə M.Ə.Rəsulzadə barədə nə qədər çox məqalə, kitab və digər çap məhsulları buraxılsa, mövzu son istifadəçi üçün o qədər aydın və şəffaf olar.