Formula 1: Sıralama turunun qalibi bəlli olub
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq
17:14
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
Yarışda 10 komanda mübarizə aparıb. Ən yaxşı nəticəyə "Ferrari"nin monakolu pilotu Şarl Lekler imza atıb.
"McLaren"in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncü olub.
Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler birinci olublar.
Xatırladaq ki, Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda da ilk mövqed qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
***
16:20
Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışının qalibi mükafatlandırılıb.
Birinci yeri "AIX Racing" komandasının pilotu Coşua Dürksen götürüb.
İkinci yerə "Dams Lucas Oil" komandasından Jak Krouford, üçüncü pilləyə isə Qabriele Mini yiyələnib.
Qalibə mükafatı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
***
14:57
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı start götürüb.
Yarışda 11 komanda mübarizə aparır.
"Formula 2" üzrə Azərbaycan Qran-prisində "Rodin Motorsport" komandasının pilotu Rimoto Miyatanın idarə etdiyi boliddə yanğın olub.
Hadisə sprint yarışında avtomobilin səddə çırpılmasından sonra baş verib.
Miyata mübarizəni dayandırıb.
Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Riçard Versçor birinci olub.
Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
***
13:07
"Haas" komandasının pilotu Oliver Berman Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib.
Gənc sürücünün idarə etdiyi bolid səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Onun avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***
12:34
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Mübarizəyə saat 12:30-da start verilib.
Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.
Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
***
09:04
Bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.
Bakı mərhələsində Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.
İlk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.
Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.
Azərbaycan Qran-prisi: İkinci günün proqramı
14 sentyabr
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Sprint yarışı
16:00. "Formula 1": Sıralama turu
Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub. Yarışlarda müvafiq olaraq, Maks Ferstappen (“Red Bull”), Şarl Lekler (“Ferrari"), Enzo Fittipaldi ("Van Amersfoort") və Riçard Versçor ("Trident") qalib olublar.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürrlər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.