Fransa və Niderlandın müstəmləkəçiliyinə dair konfrans
Bakıda keçirilən konfransda Bakı Təşəbbüs Qrupu və Sen Martin Adasının təmsilçiləri iştirak edir YENİLƏNİB
Bakıda “Four Seasons” otelində “San Martində fransız və holland müstəmləkəçiliyi: bir ada, bir xalq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda ada və Azərbaycan ictimaiyyətinin nümayəndələri, siyasətçilər, ictimai xadimlər və Sen Martin Adasının təmsilçiləri iştirak edir.
"Müstəmləkəçiliyə qarşı yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizənin tərəfdarıyıq".
Bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunan beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu indiyədək müstəmləkəçiliklə mübarizə istiqamətində yerli və beynəlxalq səviyyədə müxtəlif konfrans və digər xarakterli tədbirlər həyata keçirib.
"Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq təşkilatlara Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ağır sosial-iqtisadi şəraitdə yaşadığı ilə bağlı vaxtaşırı məlumatlar göndərir. Eyni zamanda, biz indiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq".