Fransada baş verən toqquşmalarda 77 nəfər saxlanılıb
Bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb
Fransada davam edən və toqquşmalarla müşayiət olunan etiraz aksiyalarında azı 77 nəfər saxlanılıb.
Bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, etirazçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd ediblər. Val-d'Oise departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.
Qeyd edək ki, Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq gənclər ikinci gündür ki, küçələrə çıxıblar.
Xatırladaq ki, aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşmalar baş verib. Polis rezin güllələrdən istifadə edib. Polis zorakılığına etiraz edən nümayişçilər avtomobilləri və zibil yeşiklərini yandırıblar.
Fransa mediası Parisin bir çox bölgəsində etiraz aksiyalarının keçirildiyini bildirir.