Fransada etirazlar davam edir
Bu barədə bazar günü Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb
Fransanın bir çox şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirmək üçün 6 minə yaxın insan küçələrə çıxıb.
Bu barədə bazar günü Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, respublikada 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Etirazlarda 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gedib.
Etirazlar Anqulme, Venisyo, Dijon və ölkənin digər şəhərlərində də keçirilib. Lilldə yerli hakimiyyət nümayişi qadağan edib.
Parisdə 2016-cı ildə jandarmlar tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 24 yaşlı qaradərili Adama Traorenin bacısı Assa Traorenin çağırışı ilə Respublika meydanında mitinq keçirilib. Aksiya başlamazdan əvvəl prefektura nümayişə qadağa qoyub. İştirakçılar meydana toplaşmağa başlayanda polis hərəkətə keçib, icazəsiz nümayişdə iştirak etdiklərinə görə bir neçə nəfəri cərimələyib.
Qeyd edək ki, Fransada kütləvi etirazlar polis əməkdaşlarının iyunun 17-də əlcəzairəsilli 17 yaşlı yeniyetməni odlu silahla qətlə yetisməsindən sonra başlayıb. Ölkədə digər xalqların nümayəndələrinə qarşı bu cür zorakılıq ilk dəfə deyil ki, baş verir.