XƏBƏRLƏR / İdman

Futbol millimiz III MDB Oyunlarına qələbə ilə başlayıb

Yarışlar Qəbələ şəhərində təşkil olunub YENİLƏNİR

Futbol millimiz III MDB Oyunlarına qələbə ilə başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:37

    Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, sentyabrın 27-də Qəbələ şəhər stadionunda futbol yarışlarına start verilib.

    Birinciliyin ilk oyununda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb.

    Oyuna başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Görüş Azərbaycan millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Nihad Hüseynzadə vurub.

    Günün ikinci matçında isə Belarus və Rusiya komandaları qarşılaşacaqlar.

    Qeyd edək ki, futbol yarışında 6 ölkənin - Azərbaycan, Tacikistan, Qırğızıstan, Belarus, Rusiya və Özbəkistanın komandaları mübarizə aparırlar. Yarışlara oktyabrın 4-də yekun vurulacaq.

    ***

    11:35

    Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarına yekun vurulub.

    Qəbələ İdman Kompleksində təşkil olunan yarışda qızlar və oğlanlardan ibarət komandaların final qarşılaşmaları keçirilib.

    Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib.

    Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar.

    Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər.

    Bu gün həmçinin fərdi yarışlara da start veriləcək.

    13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

    ***

    09:26

    Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün iki idman növü üzrə yarışlar keçiriləcək.

    Qəbələ şəhərində stolüstü tennis və futbol yarışları təşkil olunacaq.

    Stolüstü tennis üzrə oğlan və qızlardan ibarət Azərbaycan yığmaları final görüşlərinə çıxacaqlar. Hər iki komandanın rəqibi Rusiyanın müvafiq kollektivləri olacaq. Final görüşləri saat 10:00-da başlanacaq.

    Ardınca isə stolüstü tennisdə fərdi yarışlara start veriləcək.

    Bu gün, həmçinin futbol üzrə Azərbaycan (U-16) millisi mübarizəyə başlayacaq. Aqil Nəbiyevin başçılıq etdiyi kollektiv Qəbələ Şəhər Stadionunda Tacikistanın U-16 komandası ilə qarşılaşacaq. Oyun saat 12:00-da start götürəcək. Günün ikinci matçında isə Rusiya seçməsi Belarusu sınağa çəkəcək.

    Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.