Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb
Sosial obyektlərin istifadəyə verilməsi bölgəyə qayıdan ailələr üçün mühüm əhəmiyyət daşıyır
İşğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi - uşaq bağçasının açılış olub.
Açılışda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov, ”LUKOIL Azərbaycan” QSC-nin Baş direktoru Rasim Əmrəliyev, Füzuli şəhər sakinləri və körpələr iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyatın sürətlə canlandığını bildirib. O qeyd edib ki, sosial obyektlərin istifadəyə verilməsi bölgəyə qayıdan ailələr üçün mühüm əhəmiyyət daşıyır.
Daha sonra 1 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimi olub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və şəhidlərin ruhu sükutla anılıb.
Sonra qonaqlar uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, müəssisə müasir avadanlıqlarla təchiz edilib və uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlara malikdir. Körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb
2 dəqiqə