Füzulidə iki nəfərin meyitinin qalıqları tapılıb
Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib
Mayın 16-na qədər Füzulidə aparılan qazıntılar zamanı Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.
Onun sözlərinə görə, sonuncu dəfə 2-3 gün bundan öncə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə meyit qalıqları təqdim edilib.
Ədalət Həsənov qeyd edib ki, hazırda təxminən 200-300 şəxsə aid qalıqlar var: "Mina axtaranlar, prokurorluq işçiləri, təmir-tikinti işləri ilə məşğul olanlar qalıqlar tapanda, bizim əməkdaşlarımız onları qablaşdırıb gətirirlər. Bu qalıqların itkin düşmüşlərə, yoxsa sonrakı dövrdə həlak olmuş şəxslərə aid olduğu bilinmir. Bəzən qabırğa sümükləri gəlir, lakin ondan DNT nümunəsi götürmək olmur. Çünki çürümüş olur. Hələlik qalıqların konkret neçə şəxsə aid olduğunu demək mümkün deyil. Eyni zamanda naməlum şəhid məzarlarından da qalıqlar çıxarılıb. Ümumi şəxslərin siyahısına onlar da daxildir".