BLOQ

Gecə klubunu kim partladıb?

Versiyalar müxtəlifdir

Gecə klubunu kim partladıb?
  • Oxuma müddəti:

    7 dəqiqə

  • “Torqovı”nın ən bərkgedən pabında qaz balonun partlaması səbəbindən bu qədər zərər dəyməsi normal haldırmı? Yaxud qaz balonu təhlükəli və qanunsuzdursa, onu binanın altına kim gətirib, kim gətirilməsinə icazə verib və s. Suallar çoxdur...

    Hüquq-mühafizə orqanlarına yaxın mənbələr bildirir ki, indi bu orqanlar bir neçə versiya üzırində işləyirlər. Bunların içərisində terror hadisəsi, hadisənin qəsdən törədilməsi, təbii ki, qaz balonundan sızma və yanğın versiyası var.

    Mənbə bildirir ki, hadisənin terror aktı və ya qəsdən törədilməsi versiyası üzərində ona görə işlənilir ki, dövlətlərarası çox vacib görüşlər ərəfəsində belə hadisələr olub və olur. Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşəcək.

    Yaxud Ramazan ayının başlanması münasibətilə sosial şəbəkələrdə “Ramazan günündə “vuranlara” haqq oldu”, “Əcəb oldu” və s. yazanlar da var idi. Ona görə də bunu dinə də bağlayanlar az deyil.

    Hər halda aprelin 3-ü gecə saat 3-də Bakının mərkəzindəki "Location" gecə klubunda 1 nəfərin ölməsi, 37 nəfərin yaralanması ilə nəticələnən partlayışın səbəblərinə dair versiyalar araşdırılır...

    “Azəriqaz” və Bakı meriyası dünəndən bəri hələ ki, Bakıdakı ictimai iaşə obyektlərində monitorinqlərə başlayıb.

    Prokurorluq 3 nəfəri həbs edib və s...

    ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu ANS PRESS-ə müsahibəsində bildirib ki, hadisə qəsdən törədilib və Rusiya tərəfdən verilən xəbərdarlıqdır. Ərəstun Oruclu bu hadisənin Rusiya tərəfdən törədildiyinə əmindir.

    “Hələlik böyük həcmdə terror aktı deyil, xəbərdarlıq xarakterli aktdır. Təsadüfi deyil ki, bu ərəfədə Rusiyadan Azərbaycanın ünvanına iki açıq təhdid gəldi. Bunun da səbəbləri var. Həmin ərəfədə Vladimir Putin iki dəfə İlham Əliyevlə danışdı. Guya, Qarabağ məsələsi müzakirə olundu. Şübhəsiz ki, Qarabağ məsələsi var, Azərbaycan-Ermənistan münasibətləri, eyni zamanda Azərbaycanın Ukraynaya dəstəyi məsələsi də var. Azərbaycan ictimaiyyətinə açıqlandı ki, Azərbaycan Ukraynadakı kənd təsərrüfatı işləri üçün texnikanı yanacaqla təmin edir. Rusiyada bunu Ukraynanın hərbi qüvvələrinə dəstək kimi qiymətləndirdilər”. Ərəstun Oruclu düşünür ki, Avropa Birliyinin İlham Əliyevlə Nikolay Paşinyanı bir yerə gətirmək istəyi təbii ki, Moskvada qıcıq yaradıb. “Bütün bunları ortaq məxrəcə gətirdikdə, mən yüksək əminliklə deyə bilərəm ki, bu qaz partlayışı deyildi. Görünür, hakimiyyət sadəcə olaraq Rusiya ilə konfliktə getmək istəmir”.

    Politoloq deyir ki, həmin hadisənin qaz partlayışı olmamasının bir neçə əlaməti var. Birincisi, qaz balonunun fotosu həmin məkanda çəkilməyib. Qaz balonunun altından görünür ki, o torpağın üzərində çəkilib. Hadisə baş verən yerdə isə torpaq yoxdur, küçələrə daş döşənib və asfaltdır. Həmin məkanın bütün fotolarını götürüb təhlil edərkən açıq-aşkar görünür ki, yardımçı otaq və yaxud yardımçı bir sahə olan, anbar deyək, şərti olaraq, orda qutular yığılıb, məhsullar yığılıb, hər şey olduğu kimi yerində qalıb, heç nə tərpənməyib. Belə sahələr də adətən mətbəxə yaxın olur, qaz balonu isə mətbəxdə olur. O partlayış burada heç nəyi dağıtmadığı, aşırmadığı halda, 37 nəfər xəsarət alıb. Bu necə ola bilər?! Qaz balonu mətbəxdə partlayır, yaralananlar isə zalda yaralanır. Bunun özü də bir terror əlamətidir.

    Niyə, partlayışa görə "Azəriqaz" açıqlama verir, özü də partlayışdan 3 saat sonra?! Və hadisə yerinin tədqiqatı aparılmamış, kimyəvi analizlər götürülməmiş, partlayıcıya dair nümunələr götürülməmiş, "Azəriqaz" açıqlama verir ki, bu balondur. Təbii ki, bu şeylər üst-üstə göstərir ki, tamamilə siyasi konteksli bir açıqlama idi. Demək istədilər ki, biz mesajı başa düşdük, biz bunu tədqiq eləmək fikrində deyilik, biz “qaz balonu” adı qoyduq, məsələni bağladıq”. Ərəstun Oruclu əmindir ki, bu birmənalı şəkildə xəbərdarlıqdır. “Daha böyük terror aktı törədə bilərdilər. Biz 90-cı illərdə metroda törədilən partlayışları, “Ulduz” və “Nərimanov” stansiyaları arasında 100-dən çox adamın yanaraq həlak olduğu və qəza kimi təqdim olunan hadisələri unutmamalıyıq. Bunların hamısı konkret mesajlardır. Bu və bu kimi, hətta erməni təşkilatlarının belə Azərbaycana qarşı terror həyata keçirmək motivi yoxdur. Məsələn, erməni təşkilatları Azərbaycana qarşı terror törətdilər. Nə istəyirlər Azərbaycandan?! Nəyə vadar edəcəklər Azərbaycanı?!

    Nəticə etibarilə Ermənistan dövlətinin başında duranlar Azərbaycanla müqavilə imzalayacaqlar. O isə, həmin terrorçulara yönümlü siyasətçi deyil. Yəni, burda hansısa motivlər görünmür. Bu hansısa dövlət tərəfindən həyata keçirilən xəbərdarlıq aktıdır. Yenə də deyirəm, onu metroda da törədə bilərdilər, amma zalda törədiblər. Bu bir xəbərdarlıqdır ki, yəni, bundan sonrası da gələ bilər. Rusiya tərəfinə şübhə düşməsinin birmənalı şəkildə səbəbi son bir həftə ərzində Azərbaycanın ünvanına Rusiya tərəfindən gələn intensiv təhdidlərdir.

    Nəhayət, tvitterdə bununla bağlı yazan bir şəxs var. Həmin şəxs martın 26-da öz "YouTube" kanalında çıxış edir və Rusiya kəşfiyyatının Bakıda terror hazırladığını, bunu ermənilərin ayağına yazacaqlarını qeyd edir. Partlayışdan bir saat sonra isə öz "Twitter" hesabından paylaşım edərək, şərhə 26 martda, "YouTube" üzərindən etdiyi çıxışın linkini yerləşdirir. Bu qədər sadə. Bu adam bununla bağlı bir həftə əvvəl yazırdı və bunu hardan bilirdi ki, məhz Bakı, Azərbaycan hədəfdədir?!”.

    Politoloq fikrinə belə davam edir: “Sual odur ki, Rusiya bununla Azərbaycanı nəyə məcbur etmək istəyir? Nə istəyir Azərbaycandan? Rusiya ilə daha çox yaxınlaşmaqmı? Ukraynaya kənd təsərrüfatı üçün göndərilən yanacağın dayandırılmasımı? Türkiyə ilə əlaqələri kəsməkmi? Yaxud da Ermənistanla sülh müqaviləsini yalnız Rusiyanın vasitəçiliyi ilə imzalamaqmı?

    Burada Rusiyanın Azərbaycandan istəkləri ilə bağlı mürəkkəb bir konfiqurasiya yaranır. Konkret olaraq bir şey demək çətindir. Amma Putinin İlham Əliyev və Nikol Paşinyana zəngləri onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsinin və yaxud hələlik onun çərçivə sazişinin Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmasını istəmir. Bu da bir təzyiq vasitəsidir”.