Gəncədə mənzildə güclü yanğın baş verib, 1 nəfər ölüb
Fövqəladə Hallar Nazirliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
Yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
İlkin məlumata görə, evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahisə zamanı evə benzin tökülüb, nəticədə yanğın olub. Yanğın zamanı Alıyev Adil Elman oğlu hadisə yerində ölüb. 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.