XƏBƏRLƏR / Hadisə

Göyçayda 3 minik avtomobili toqquşub, ölənlər var

FOTO / YENİLƏNİB

Göyçayda 3 minik avtomobili toqquşub, ölənlər var
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 18:45

    Göyçayda zəncirvari avtoqəzada xəsarət alanların son durumu açıqlanıb.

    TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

    Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi və 1 qadın) müalicələri Cərrahiyyə şöbəsində, vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) müalicəsi Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində davam etdirilir. 2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

    Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, 1970-ci il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

    Qeyd edək ki, hadisə zamanı daha 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    16:57


    Göyçay rayonunda 3 minik avtomobilinin toqquşması nəticəsində ölənlərin və yaralananların şəxsiyyəti məlum olub.

    Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2016-cı il təvəllüdlü Leyla Feyzullayeva hadisə yerində həyatını itirib. 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı isə xəsarət alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan H. Salahov xəstəxanada ölüb.

    ***

    15:20

    Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndi ərazisindən keçən 199-cu kilometrliyində qeydə alınıb.

    İlkin məlumata görə, 3 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.