"Göyçə-Zəngəzur Respublikası" ləğv olunduğunu elan edib
"GZR" Qərbi Azərbaycan İcması ətrafında birləşməyə qərar verib
“Göyçə-Zəngəzur Respublikası” ictimai təşkilatının təsisçiləri təşkilatlarının ləğv olunduğunu elan ediblər. KİV-də yayımlanan bəyanatda İlham Əliyevin siyasətini dəstəkləməyə, Qərbi Azərbaycanlıları qanuni və nüfuzlu şəkildə müdafiə edən Qərbi Azərbaycan İcması ətrafında birləşməyə çağırış yer alıb.
Xatırladaq ki, bir neçə gün əvvəl “Göyçə-Zəngəzur Respublikası”nın təsisçiləri – Rizvan Talıbov və Tünzalə Çələbiyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanmanın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, "Göyçə-Zəngəzur Respublikası" 2022-ci ilin sentyabrında Türkiyədə yaradılıb. Onun yaradıcıları məqsədlərinin azərbaycanlıların öz tarixi vətənlərinə - müasir Ermənistan ərazisinə qayıtmaları uğrunda mübarizə olduğunu bəyan etdilər. Əsasən bunlar Göyçə (Sevan) gölü və Zəngəzur (Sünik) bölgəsinə bitişik ərazilərdir.