Sərbəst güləş üzrə millimiz 6-cı dəfə Avropa çempionudur
Albaniyanın paytaxtı Tiranada Avropa çempionatı keçirilirdi
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.
Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.
Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.
***
26 aprel 2026-cı il
22:31
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar.
Yarışın sonuncu günündə sərbəst güləşdə beş çəki dərəcəsində mükafatçılar bəlli olub.
Nurəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə italiyalı Simone Pirodduya uduzub.
Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) məğlub olaraq gümüş medala sahib çıxıblar.
Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək Avropa çempionu olublar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal əldə edib.
2 dəqiqə