Gürcüstan Prezidenti Azərbaycana gəlib YENİLƏNİB/FOTO
Səfər çərçivəsində Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək

20:20
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Baş nazir Əli Əsədovla görüşü zamanı müzakirə etdiyi məsələləri açıqlayıb.
Kavelaşvili "X" platformasında paylaşımında qeyd edib ki, məhsuldar keçən görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əsas istiqamətləri, regional layihələr, bölgədə sülh və sabitliyin təmin olunmasına dair müzakirələr aparılıb.
“Biz ölkələrimizin strateji tərəfdaşlığının əsas istiqamətlərini və çoxtərəfli formatlar da daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə etdik, birgə regional layihələrin inkişaf etdirilməsi və ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğuladıq. Həmçinin regionda sülh və sabitliyin kritik rolunu qeyd etdim və Azərbaycana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaq dəstəyinə görə minnətdarlığımı bildirdim”, - Kavelaşvili qeyd edib.
***
19:48
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub.
Qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Gürcüstan Prezidentinə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, milli çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Gürcüstan Prezidenti Mərkəzdən xoş təəssüratla ayrılıb.
***
16:35
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
***
12:20
"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir ".
Bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə verdiyi açıqlamasında söyləyib: "Prezident Mixeil Kavelaşvilinin ilk xarici səfəri Azərbaycandan başlayır. Bildiyiniz kimi, Azərbaycanla Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş nazir, eləcə də əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq".

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələr, xüsusilə bərpa olunan enerji məsələləri və bir sıra meqa layihələr barədə məsələlər də müzakirə olunacaq.
***
10:49
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlir.
Səfər çərçivəsində Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüş keçirəcək.
Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.