XƏBƏRLƏR / Hadisə

Gürcüstanda turistləri daşıyan avtobus uçuruma düşüb: 4 ölü

Sürücü hərəkət zamanı kabinədən çıxıb və avtobus uçuruma yuvarlanıb FOTO

Gürcüstanda turistləri daşıyan avtobus uçuruma düşüb: 4 ölü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanda belaruslu turistləri daşıyan avtobus Qomi dağının aşırımında uçurumdan yuvarlanıb, nəticədə 4 nəfər ölüb, 6 nəfəri uşaq olmaqla 15 nəfər yaralanıb.

    Gürcü mənbələri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    İlkin məlumata görə, qəzanın səbəbi avtobusun sürücüsünün təhlükəsiz idarəetməni təmin etməməsi olub. Bildirilir ki, Gürcüstan vətəndaşı olan sürücü hərəkət zamanı kabinədən çıxıb və avtobus uçuruma yuvarlandıqdan sonra özü ciddi xəsarət almayıb.

    Sürücü saxlanılıb, ona qarşı yol hərəkəti qaydalarını pozaraq insanların ölümünə səbəb olmaq maddəsi ilə araşdırma aparılır.

    Qəza nəticəsində yaralanan 15 sərnişinə tibbi yardım göstərilib. Onlardan 4-ü Ozurqeti və Çoxatauri şəhərlərindəki tibb müəssisələrinə, daha 11 nəfər isə Batumidəki Respublika Xəstəxanasına çatdırılıb. İki yaralı reanimasiya şöbəsinə yerləşdirilib.