Haaqa Ədalət Məhkəməsində Azərbaycana qarşı erməni səs verib
Məhkəmənin qərarı maraqlar toqquşması səbəbindən ləğv edilməlidir
Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiası ilə Azərbaycandan Laçın dəhlizi ilə hər iki tərəfə maneəsiz keçid üçün tədbirlər görməyi tələb edir.
Lakin Azərbaycanın minaların basdırılması ilə bağlı iddiasına məhkəmə rədd cavabı verib.
Beynəlxalq qurumun sənədlərini diqqətlə tədqiq edəndə 6-cı Əməliyyat Paraqrafında (səh 6) - Ermənistanın "Laçın dəhlizində hər iki istiqamətdə hərəkətin Azərbaycan tərəfindən təmin edilməsi" iddiasının lehinə səs verənlərdən biri, məhkəmənin sədr müavininin (Vice-President) erməni mənşəli Gevorqyan olduğu məlum olub.
Kirill Gevorqyan 1953-cü ildə Moskvada anadan olub. Moskva Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb (1970-1975). SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib (1975-1978). 2015-ci ildən Beynəlxalq Ədalət Məhkəməsinin üzvü, 2021-ci ildən isə sədr müavinidir.
Bu da öz növbəsində məhkəmənin qərəzsiz olmasına ciddi şübhələr yaradır. Burada açıq-aşkar maraqlar toqquşması halı var və Azərbaycan tərəfi haqlı olaraq iddialara yenidən qərəzsiz baxılmasını tələb edə, ya da məhkəmənin bu qərarıını vecinə almaya bilər.