Hüquq müdafiəçisi Rüfət Səfərova kəllə atıblar
Səfərov bunu təxribat adlandırıb
Müdafiə Xətti hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərova martın 15-də axşam saatlarında hücum olduğu bildirilir.
R.Səfərovun Turana bildirdiyinə görə, o saat 20:00 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində öz maşınına əyləşərkən tanımadığı bir şəxs tərəfindən hücuma məruz qalıb.
"Artıq uzun müddətdir ki, evimin yanında eyni yerdə maşınımı saxlayıram və heç bir problem yaşanmır. Buna görə də orada avtomobillərin dayanacaq məsələsinə baxan bir nəfərə ödəniş da edirəm. Dünən axşam da adət üzrə maşınımı orada saxlamışam. Bu gün axşam isə maşına əyləşərkən uzaqdan mən tərəf gələn bir nəfəri gördüm. O mənə yaxınlaşaraq kobud ifadələrlə "nə vaxtdan burada maşın saxlamısan, qazilərin yerini tutmusan, mane olursan" deməyə başlayıb".
Hüquq müdafiəçinin sözlərinə görə, bundan sonra həmin şəxs onun qoluna girib və dartmağa başlayıb. "Mən onun qolundan çıxan kimi mənə başı ilə zərbə endirib. Başımda papaq olmasaydı, mənə əməlli başlı xəsarət yetirərdi. Bundan sonra mən ona heç bir qarşıqlıq vermədən onun əlindən çıxıb maşına əyləşə bildim və polisə məlumat verdim", - hüquq müdafiəçi deyib.
Səfərov bunu təxribat adlandırıb. "Buna hüquqi qiymətinin verilməsi və bunun araşdırılması artıq hüquq-mühafizə orqanlarının üzərinə düşür".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Turana bildirilib ki, məsələdən xəbərdardılar və bununla bağlı məlumat veriləcək.