Orxan Mürsəlov: İkinci göl qazılmayacaq
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı polislə qarşıdurmada iştirak edən sakinlərlə görüşüb
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüş keçirib.
İcra başçısı kənd ərazisində sakinlərlə söhbət aparıb və bildirib ki, qızıl mədəni üçün salınan və etirazlara səbəb olan göl qurudulacaq.
O bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: “Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.
Orxan Mürsəlov Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Xatırladaq ki, iyunun 20-də Gədəbəy rayonunun Söyüdli kəndinin sakinləri yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni su anbarının tikintisinə qanunsuz müdaxilə edib.
"Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.