XƏBƏRLƏR / Seçki

İctimai asayişin pozulması hallarının qarşısı alınacaq

Bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov bəyan edib

İctimai asayişin pozulması hallarının qarşısı alınacaq
Oqtay Kərimov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir.

    Bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

    Oqtay Kərimov bildirib ki, ölən, son vaxtlar ölkədən gedən və ölkəyə gələn vətəndaşların siyahısı da dəqiqləşdirilir:

    “Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq.

    Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.

    Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.