XƏBƏRLƏR / İctimaiyyət

İğdırda Beynəlxalq Qafqaz Konqresi işə başlayıb

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub

İğdırda Beynəlxalq Qafqaz Konqresi işə başlayıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Noyabrın 24-də Türkiyənin İğdır şəhərində “İpək Yolunun yenidən dirçəlişi” mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresi işə başlayıb.

    İğdır Universitetinin təşəbbüsü ilə təşkil olunan ikigünlük tədbirdə müxtəlif ölkələrdən siyasi partiya nümayəndələri, diplomatlar, elm xadimləri və ekspetrlər iştirak edirlər.

    Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə keçirilən konqresdə Zəngəzur Dəhlizinin iqtisadi və ticari töhfələri, eləcə də İğdırın strateji mövqeyi müzakirə olunur.

    Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub:

    "Hörmətli tədbir iştirakçıları!

    Sizi İğdır Universitetinin təşkilatçılığı ilə “İpək Yolunun yenidən dirçəlişi” mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin işə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

    Tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir. İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı rəğbət qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə və regional bağlılığa xidmət edir.

    Ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə qalxdı. Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi.

    Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir.

    İnanıram ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir.

    Bütün iştirakçılara səmərəli müzakirələr və tədbirin işinə uğurlar arzulayıram.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 24 noyabr 2026-cı il".



    Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajı səsləndirilib.

    İğdır Mədəniyyət Mərkəzində təşkil olunan müzakirələrdə çıxış edən İğdır Universitetinin rektoru Ekrem Gürel bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycanla həmsərhəd rayonlarının strateji əhəmiyyəti artacaq.

    “Araz hövzəsi üzrə ortaq layihələrin icrasını, birgə yay düşərgələrinin təşkilini və Beynəlxalq Qafqaz Konqreslərinin ənənəvi hal almasını təklif edirəm”, - deyən rektor Anadolunun şərq bölgələrinin tarix boyunca beynəlxalq əlaqələrdə və ticarətdə vacib rol oynadığını diqqətə çatdırıb.