Beş məntəqənin nəticələri ləğv edildi YENİLƏNİB
Parlament seçkilərində pozuntu olub
16:45
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 11-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış İlqar Məmmədovun müraciətinə baxılıb.
Bu barədə MSK üzvü Tofiq Həsənov bildirib.
İclasda 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul olunub.
***
16:26
Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsinin iki seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizov Əzizxan İman oğlu bu şikayətlərlə MSK-ya müraciət edib:
"Səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb. 42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, belə bir məntəqə olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib".
MSK üzvü qeyd edib ki, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.