İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib
Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri qarşılayıb
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.
Dövlətimizin başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edilib.