XƏBƏRLƏR / Siyasət

İranla Pakistan arasında 10-dan çox sənəd imzalanacaq

İran Prezidenti Məsud Pezeşkian avqustun 2-də İslamabada səfər edib

İranla Pakistan arasında 10-dan çox sənəd imzalanacaq
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:11

    İran Prezidenti Məsud Pezeşkianı bazar günü Pakistanın Baş naziri Şehbaz Şərif İslamabadda Baş nazirin ofisində keçirilən mərasimdə rəsmi qarşılayıb.

    Bu barədə İRNA xəbər verib.

    Mərasimdə hər iki lider fəxri qarovul dəstəsinin qarşısından keçib, müvafiq nümayəndə heyətlərinin üzvləri təqdim olunub. Prezident Pezeşkian iki xalq arasında dostluğun rəmzi olaraq Pakistanın Baş nazirinin ofisinin həyətində ağac əkib.

    Səfər çərçivəsində azad ticarət, nəqliyyat, sərhəd əməkdaşlığı, turizm və mədəni mübadilə kimi sahələrdə bir sıra əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulur. Hər iki liderin imzalanma mərasimindən sonra mətbuata açıqlamalar verəcəyi gözlənilir.

    İranın Pakistandakı səfiri Reza Amiri Moqadam daha əvvəl demişdi ki, sazişlər əsas strateji sektorlarda ikitərəfli əlaqələrin gücləndirilməsinə dair ortaq öhdəliyi əks etdirir.

    Pezeşkian şənbə günü yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətinin başında İslamabada gəlib. 


    ***

    08:47

    İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı 11 əməkdaşlıq müqaviləsi imzalanacaq.

    Bunu İranın İslamabaddakı səfiri Rza Əmiri Moqadam “Tasnim” agentliyinə bildirib.

    Onun sözlərinə görə, Pezeşkianın Pakistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

    "İslam dünyasının taleyi ilə bağlı mühüm məsələlərdə həm Pakistan, həm də İran həmrəylik nümayiş etdirir. Ümid edirik ki, bu səfər zamanı biz yeni əməkdaşlığın əsaslarını möhkəmləndirə biləcəyik", - Moqadam bildirib.

    Diplomatın sözlərinə görə, İran və Pakistan arasında ticarət dövriyyəsi son iki ildə 500-550 milyon ABŞ dolları artıb və hazırda 3,1 milyard dolları ötüb:

    "İran nümayəndə heyətinin Pakistana səfəri zamanı 11-ə yaxın sənəd və birgə bəyanat imzalanacaq. Ən qısa müddətdə iki ölkə arasında azad ticarətin yaradılması məsələsi də müzakirə olunacaq. Nəqliyyat sektorunda Pakistanın müxtəlif şəhərlərindən İrana dörd yeni reysin açılması planlaşdırılır ki,onların arasında ən önəmlisi İslamabad ilə Tehran arasında olacaq – bu marşrut üzrə son 20 il ərzində birbaşa uçuşlar həyata keçirilməmişdi".