XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Stiven Douti Azərbaycanda səfərdədir FOTO

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

    Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

    Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb.

    Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.

    Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırlayıb.

    Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olunub, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulanıb. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.

    Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.