XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib YENİLƏNİB

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 11:02

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

    Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Dövlətimizin başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd edib və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirib.

    Səfir əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırıb. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş edib.

    Məhəmməd Saleh Əhməd Turiq, eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunu yüksək qiymətləndirdiklərini deyib.

    Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğulayıb ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi oldular.

    Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırlayıb və bundan şərəf duyduğunu deyib. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğulayıb, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd edib.

    Diplomat Yəmənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib. Səfir Yəmənin iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb və bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd edib.

    Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxunub.

    Söhbət zamanı Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirilib.

    ***

    10:58

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.

    Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Dövlətimizin başçısı əməkdaşlığımızın qurulması istiqamətində səfirin öz səylərini əsirgəməyəcəyinə, bu baxımdan onun Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

    Səfir ilk növbədə COP29-da ölkəsinin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib. O vurğulayıb ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadordan Azərbaycana səfərə gəlmiş nümayəndə heyətinə dərin təəssürat bağışlayıb.

    Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrike Haime Kalderon müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur, nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının müəyyən edilməsinin önəminə toxunub.

    Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib.

    Dövlət başçısı əlaqələrimizin irəli aparılması üçün ilk növbədə adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox məlumatlanmalarının vacibliyinə toxunub.

    Söhbət zamanı Azərbaycanla El-Salvador arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.

    ***

    10:41

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

    Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini deyib. Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

    Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Sid Əhməd əl-Bekaye Hamadi vurğulayıb ki, Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş edib.

    Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırıb.

    Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədənçilik sahələrindəki geniş imkanları qeyd edib. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş edib.

    Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olunub.

    Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılıb.