XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Nyu-Yorkda görüşlər keçirib

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

İlham Əliyev Nyu-Yorkda görüşlər keçirib
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 00:55

    Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub.

    Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Aleksandr Stubb Finlandiyanın regionda sülhü daim dəstəklədiyini qeyd edib.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh dövrünə qədəm qoyduqlarını qeyd edib.

    Söhbət zamanı sülh gündəliyinin irəli aparılması üçün birgə səylərin vacibliyi vurğulanıb.

    Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

    ***
    00:51

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

    Söhbət zamanı dövlət başçıları Azərbaycanla Keniya arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Azərbaycanın Keniyada səfirliyinin açılmasının əlaqələrimizin inkişafına təkan verdiyi qeyd olunub. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hökumət rəsmilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələsinə toxunulub. Bu xüsusda enerji, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

    Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

    ***
    23 sentyabr 2025-ci il

    23:58

    Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

    Avropa Şurasının Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

    Söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edilib.

    Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

    Avropa Şurasının Baş katibi COP29 dövründə Azərbaycana səfərini, həmin vaxt və digər beynəlxalq tədbirlər çərçivəsində dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb.

    Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

    ***
    23:35

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.

    Yunanıstanın Baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırıb, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

    Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd edib. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

    Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunulub.

    ***

    23:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

    İraq Prezidenti dövlətimizin başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini deyib. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.

    Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.

    Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunulub, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.