İlham Əliyev Tacikistanda səfərdədir
Bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb
11:50
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar. Bu barədə "president.az" yazıb.
***
Aprelin 5-də dövlət başçısı İlham Əliyev Tacikistana dövlət səfərinə gedəcək, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində prezident Emomali Rahmonla görüş keçiriləcək. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Danışıqların yekunlarına görə əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanması planlaşdırılır. Sonda prezidentlər KİV üçün bəyanatla çıxış edəcəklər. Elə həmin gün axşam Əliyev Bakıya qayıdacaq.
İlham Əliyevin səfəri ərəfəsində Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu açılır.
Forumda Tacikistan və Azərbaycanın nazirlik və idarə rəhbərlərinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı gözlənilir.
Forum çərçivəsində turizm, sənaye, energetika, xidmətlər və digər sahələrdə investisika imkanları təqdim ediləcək. İki ölkənin dövlət və özəl sektorunun subyektləri arasında əməkdaşlıq haqqında yeni sənədlərin imzalanacağı gözlənilir.
TR prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2022-ci ildə Tacikistan-Azərbaycan ticarət dövriyyəsi 6,2 milyon dollar təşkil edib ki, bu da Tacikistanın ümumi xarici ticarət dövriyyəsinin 0,1%-ni təşkil edir.
İkitərəfli ticarət dövriyyəsinin təxminən 95%-i Azərbaycan məhsullarının Tacikistana idxalının payına düşür. (Turan)