İlham Əliyev XII Qlobal Bakı Forumunda çıxış edib VİDEO
Forum Bakıda “Gülüstan” sarayında keçirilir

23:55
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı:
***
12:17
Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.
Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
“Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.
***
12:03
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “...biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
***
11:50
Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.
Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”, - deyə Prezident əlavə edib.
***
11:40
Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı.
Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, - deyə Prezident əlavə edib.
"Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq.
Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
***
11:23
Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir.
Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
“Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, - deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.
Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
“Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - deyə dövlətimizin başçısı əlavə edib.
***
11:17
Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik.
Bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.
***
10:45
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
İlham Əliyev Forumun açılış mərasimində çıxış edir:
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir".
Dövlətimizin başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır.