XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyevin andiçmə mərasimi keçirilib

 Mərasim Milli Məclisdə keçirilib

İlham Əliyevin andiçmə mərasimi keçirilib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 13:49

    Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

    Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

    Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

    ***

    13:47

    Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

    Dövlətimizin başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoublar.

    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

    ***

    Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin andiçmə mərasimi başlayıb. 

    Mərasim Milli Məclisdə keçirilir.

    Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.

    Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.

    Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:

    - Hörmətli xanımlar və cənablar.

    Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

    Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

    - Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

    Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:

    - Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.

    Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini fevralın 13-də təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.