XƏBƏRLƏR / Siyasət

Pekində Azərbaycan-Çin Birgə Bəyanatı imzalanıb YENİLƏNİB

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir FOTO

Pekində Azərbaycan-Çin Birgə Bəyanatı imzalanıb YENİLƏNİB
  • Oxuma müddəti:

    31 dəqiqə

  • 11:02

    Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.

    “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri edib.

    Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər.

    1. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

    Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

    2. Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.

    Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər.

    3. Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.

    4. Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə etdilər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.

    Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etdilər.

    Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır.

    5. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.

    6. Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.

    7. Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.

    Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.

    Tərəflər qeyd edirlər ki, Çinin keçirdiyi Nəqliyyatın Dayanıqlı İnkişafı üzrə Qlobal Forum dayanıqlı nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət əhəmiyyətə malikdir.

    8. Tərəflər elmi-tədqiqat müəssisələrini və elm işçilərini qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparmağa, texnologiya transferinə və əldə olunan nailiyyətlərin kommersiyalaşdırılmasına təşviq edəcəklər, habelə birgə elmi-tədqiqat platformaları yaradacaqlar.

    9. Tərəflər müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəldilər.

    Tərəflər mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər.

    Tərəflər turizm siyasətinin əlaqələndirilməsini gücləndirməyə, bir-birinin ərazisində turizmin təşviqi üçün tədbirlərin təşkilinə imkan yaratmağa, turizm müəssisələri, sahəvi assosiasiyalar və digər institutlar arasında profil əlaqələrini dəstəkləməyə, həmçinin ikitərəfli turist axınının və vətəndaşların qarşılıqlı səfərlərinin artırılmasında birgə fəaliyyət göstərməyə hazırdırlar.

    Tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar.

    Tərəflər qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər.

    Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar.

    Tərəflər Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər.

    10. Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar.

    Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır.

    11. Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlamışlar.

    Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"na və "Paris Sazişi"nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar. Tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.

    Çin tərəfi Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.

    2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfi Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

    12. Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər. Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.

    13. Tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamın və beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərir, hegemonluğa və güc siyasətinə qarşı çıxırlar. Tərəflər ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış edir, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərirlər.

    14. Tərəflər birgə müzakirə, birgə quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq, çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə sisteminin təkmilləşdirilməsini təşviq etməyə hazırdırlar. Tərəflər BMT-nin mərkəzi əlaqələndirici rolunun, formalaşmaqda olan bazara sahib ölkələrin və inkişaf etməkdə olan dövlətlərin təmsilçilik və səsvermə hüquqlarının artırılması naminə çıxış edir, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdırlar.

    15. Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir. Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir.

    16. Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.

    17. Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.

    18. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təşəkkür etdi və öz növbəsində Sədr Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi.

    Azərbaycan Respublikasının Prezidenti     

    Çin Xalq Respublikasının Sədri

    Pekin şəhəri, 23 aprel 2025-ci il”.

    ***

    10:34

    Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

    Əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

    “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”ni Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyinin direktoru Çen Siadon imzalayıblar.

    “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzalayıblar.

    “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin ədliyyə naziri Xı Ron imzalayıblar.

    “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin mədəniyyət və turizm naziri Sun Yeli imzalayıblar.

    “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli Əqli Mülkiyyət Administrasiyasının rəhbəri Şen Çanyu imzalayıblar.

    “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde imzalayıblar.

    “Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Çinin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Can Çinson imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.

    “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin sənaye və informasiya texnologiyaları naziri Li Lıçen imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar.

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin kommersiya naziri Van Ventao imzalayıblar.

    “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə”ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Sinxua İnformasiya Agentliyinin prezidenti Fu Xua imzalayıblar.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi”ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çin Media Qrupunun prezidenti Şen Haysion imzalayıblar.

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyehon imzalayıblar.

    “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.

    ***


    07:57

    Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin geniş tərkibdə görüşü olub.

    İki ölkənin başçıları Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu bəyan ediblər.


    Bu barədə "Sinxua" agentliyi xəbər verib.

    Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib.

    Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Bu gün dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edilib.

    Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub.

    Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

    Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub.

    Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

    Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırlayıb.

    Dövlətimizin başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxunub.

    Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirilib, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

    Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunulub, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.

    Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirilib.

    Çin Xalq Respublikasının Sədri “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırlayıb. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub.

    Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edilib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb.

    Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirilib, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.

    Sin Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.

    Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul edib.

    ***

    07:12

    Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıbılar.

    Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olunub.

    Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

    Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.