İlon Mask “Microsoft”u qanunsuz istifadədə ittiham edib
O, bu barədə iddiasını özünün “Twitter” hesabında paylaşıb
“Twitter” şirkətinin sahibi İlon Mask “Microsoft” şirkətini öz süni intellekt modelinin təlimi üçün sosial şəbəkənin məlumatlarından qeyri-qanuni istifadədə ittiham edib. O, bu barədə iddiasını özünün “Twitter” hesabında paylaşıb.
“Onlar [“Microsoft”] “Twitter”in məlumatlarından istifadə edib qeyri-qanuni təlim aparıblar. Məhkəmə istintaqının vaxtıdır”, - deyə biznesmen yazıb.
Martın 22-də süni intellekt sahəsinin 1000-dən çox eksperti, o cümlədən İlon Mask dərc etdikləri açıq məktubda bu sahədə nəzarət olunmayan prosesin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə əlaqədar “GPT-4”dən daha güclü sistemin təliminə azı 6 aylıq moratorium qoyulmasına çağırıblar. “Microsoft”un yaradıcısı Bill Geyts isə bu cür moratoriumun tətbiq olunmasına qarşı çıxıb.
“OpenAI” Amerika şirkətinin “ChatGPT” proqramı 2022-ci il noyabrın sonunda istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı fəaliyyət göstərir. “GPT-3.5” dil modeli əsasında süni intellekt əlavə suallara cavab verə, öz səhvlərini təsdiqləyə, düzgün olmayan ilkin şərtlərlə razılaşmaya və yersiz müraciətləri rədd edə bilir.