İlon Mask yenidən dünyanın ən varlı adamı oldu
Milyarderin sərvəti il ərzində 47% artıb
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “Forbes” jurnalının Çin analoqu olan “Hurun” biznes nəşrinin versiyasına görə, dünyanın ən varlı adamları reytinqinə növbəti dəfə başçılıq edib.
TASS xəbər verir ki, milyarderin sərvəti il ərzində 47% artaraq 235 milyard ABŞ dollarına çatıb.
Siyahıda ikinci yeri 187 milyard dollar sərvətlə “Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezos tutub. Üçüncü yerdə “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno qərarlaşıb. Onun sərvəti təxminən 177 milyard ABŞ dollar həcmində qiymətləndirilir.
Çinin ən varlı adamı, 2023-cü ildə olduğu kimi, 450 milyard yuan (62 milyard ABŞ dolları) sərvətlə “Nongfu” brendi altında içməli su istehsal edən şirkətin sahini Cun Şanşan olub. 2024-cü ilin qlobal reytinqində çinli milyarder 21-ci yerdədir.
Nəşrin məlumatına görə, hazırda dünyada 3 279 dollar milyarderi var. Son bir ildə onların sayı 167 nəfər artıb, ümumi sərvətləri isə 9% artaraq 15 trilyon ABŞ dollarına çatıb. Milyarderlərin əksəriyyəti – 814 nəfər Çində yaşayır. İkinci yerdə ABŞ qərarlaşıb. Nəşrin məlumatına görə, orada 800 milyarder var. Hindistan isə 271 nəfərlə üçüncü yerdədir.
“Hurun”dan bildirilib ki, son bir ildə əsas sərvət mənbələri maliyyə sektoru, istehlak sektoru, içki və qida sənayesi və daşınmaz əmlak olub.