BLOQ

Şirin dil İlonu Maskdan çıxarar və ya from Russia with love

Milliarderin hərəkətləri Azərbaycana necə təsir edə bilər?

Şirin dil İlonu Maskdan çıxarar və ya from Russia with love
İlon Mask
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bu günlərdə İlon Mask rəsmi açıqlama ilə çıxış edərək qarşıdan gələn seçkilərdə Respublikaçıları, daha dəqiq desək, Donald Trampı dəstəkləyəcəyini bəyan etdi. Mən şəxsən bunu gözləyirdim – hadisələr məntiqi bir nəticəyə doğru irəliləyir: ABŞ-ın indiki Prezidenti cənab Bayden administrasiyası tərəfindən ciddi şəkildə dəstəklənən Amerikanın həmkarlar ittifaqları son vaxtlar İlon Maskın bir sıra layihələrinin inkişafına əhəmiyyətli dərəcədə mane olurdu.

    Bəs bu Azərbaycan üçün nə deməkdir? İnanmıram ki, İlon Mask üçün Azərbaycan öz füsünkar mətbəxindən əlavə nə iləsə maraqlı ola bilər, amma Amerika ictimai rəyləri lideri olaraq, o, azsaylı rusofillərdən biridir. İlk növbədə, əlbəttə ki, SSRİ-nın keçmiş kosmik nailiyyətlərinin pərəstişkarı və eyni zamanda, Rusiyanın ölçülməyən təbii və enerji sərvətlərindən gələcəkdə çox sərfəli şərtlərlə istifadə edə biləcək bir biznes-layihə sahibi kimi. 

    Həmçinin, İlon Mask Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfin sülh sazişinin bağlanacağı təqdirdə Moskvanın artıq əldə etdiyi ərazilər daxilində qalmasının tərəfdarıdır. Unutmayaq ki, bir  az əvvəl Mask Krımla bağlı mövqeyini açıq şəkildə ifadə etmişdi: “…Məsələni öyrəndikdən sonra qənaətə qəldim ki, vaxtında Xruşşovun Krımı Ukraynaya verməsi böyük tarixi səhv idi”. 

    Sözsüz ki, İlon Mask tezliklə sülhün bağlanmasının tərəfdarı olmaqda təmənnasız tərəf deyil: artıq 3 ildir ki, milyarder Ukraynanı Starlink peyk-internet şəbəkəsi ilə pulsuz təmin edir – bu isə öz növbəsində üçüncü ildir onu ciddi maliyyə itkilərinə sürükləyir. Odur ki, müharibə dayansa, İlon Maskın bu ölçülməyən xərcləri də sona çatacaq.

    Beləliklə, Putinə hörməti olan milyarder cənab Donald Tramp tərəfdaşı olan rusofil və milyarder İlon Mask və digərlərinin dəstəyi ilə hakimiyyətə gələrsə, yaxın 4 il ərzində Rusiyanın taleyi elə də acınacaqlı olmayacaq. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın regiondakı mövcud tərəfdaşıdır, deməli, Azərbaycanın da vəziyyəti 2028-ci ilə qədər rahat və əlverişli olacaq.

    Lakin bütün bu cərəyanda şəxsən mənim üçün daha böyük bir məna var. Düşünürəm ki, ABŞ-ın 2028-ci ildə keçiriləcək prezident seçkilərində İlon Mask iştirak etmək niyyətindədir. Odur ki, İlon Mask siyasətdə daha da dərinləşərsə və seçkiqabağı lazımi notarial və kommunal tədarükləri görərsə, ABŞ-ın Prezidenti olmaq ehtimalı gözlənilməyən ola bilər. Və bu, Amerikanın və ümumiyyətlə dünyanın siyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Azərbaycana isə 2028-ci ildən sonra daha 4 il firavan yaşamağa imkan yarada bilər. Sözsüz ki, bu ərəfədə Rusiya və Azərbaycan gözlənilməyən səhvlərə yol verməsə.