BLOQ

Makron və nəfəsi kəsilmiş at

Rusiyalı tarixçi-qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsov danışır

Makron və nəfəsi kəsilmiş at
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Fransa Prezidenti Emmanuel Makron üçün həm daxili, həm də ardıcıl uğursuzluqların onu təqib etdiyi dünya arenasında öz nüfuzunu bərpa etmək vacibdir. O, Rusiyanı düşmən və xarici siyasətdə uğrursuzluqlarının başlıca təqsirkarı kimi görür və Fransa liderinin Ermənistanı da Parisin təsiri altına salmaq cəhdləri buradan qaynaqlanır. Makronun Rusiya ordusuna qarşı Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə Ukraynaya Fransa hərbi kontingentini göndərməyə hazır olması barədə bəyanatının səbəbləri də bu amillərlə bağlıdır. Sonra onun üçün tamamilə gözlənilmədən Azərbaycanın Fransa kəşfiyyatçıları şəbəkəsinin ifşası ilə bağlı casus qalmaqalı baş verdi ki, bu da Makronun imicinə heç də müsbət təsir göstərmədi. Hələ rəsmi Bakının Yelisey sarayı ilə hər hansı siyasi əlaqələri dayandırması faktını demirəm, bu, həm də şəxsən Makronun sifətinə vurulan möhkəm sillə oldu və onun səsini “Köhnə dünyada” olmasa da, bütün İslam aləmində eşitdilər. Bu cür çağırışlara cavab vermək lazımdır və Makron Ermənistanın timsalında nəfəsi kəsilmiş ata mərc qoşaraq bunu etməyə çalışır, çünki onun başqa çarəsi yoxdur. O, hər yerdən qovulub.

    Bu fikirləri rusiyalı tarixçi-qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsov bölüşüb.

    Agentliyin müsahibi deyib: “İrəvan ilə Parisin hazırkı oyunbazlığı mənə daha çox yüngül, heç bir öhdəliyi olmayan laqqırtı kimi görünür. Hərbi və hərbi-texniki əməkdaşlıq, ordunun yenidən silahlanması barədə söhbətlər hələ ki, ilkin danışıqlar səviyyəsindən o tərəfə keçmir, hətta niyyət protokolları da imzalanmır. Hələ hər hansı real sazişlərin bağlanmasını demirəm. Ermənistana onlarla fransız zirehli kəşfiyyat-müşahidə maşınlarının tədarükü hələ erməni ordusunun yenidən silahlanması demək deyil, belə ki, onlardan asanlıqla polis tapşırıqlarının yerinə yetirilməsində də istifadə etmək mümkündür. HHM sistemlərinin tədarükünün isə, mətbuatdakı xəbərlərdən də bildiyim qədər, Fransadan Ermənistana göndərilməsi təxirə salınır, çünki Paris analoji silahların Ukraynaya verilməsi üzrə NATO-nun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Görünür ki, Makron fransız silahlarını almağa hazır olduğunu bəyan edən Ermənistanın hesabına Ukraynanı silahlandırmaq istəyir. Belə olan şəraitdə kimin kimi axmaq yerinə qoyduğu tamamilə anlaşılmazdır”.

    Karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanın Qarabağ uğrunda döyüşmək üçün öz ordusunu sıfırdan yaratmaq prosesinə əsrin dörddəbirini sərf etdiyini xatırladan O.Kuznetsov vurğulayıb ki, təbii sərvətlərə görə daha kasıb olan Ermənistana öz silahlı qüvvələrini sıfırdan dirçəltməyə heç də bundan az vaxt lazım olmayacaq. Bu, hətta beynəlxalq dəstək və diasporun maliyyə yardımı ilə olsa belə. “Bu məsələdə əsas məqam müvafiq ideoloji aşılama ilə yeni müharibənin əsgərinə çevriləcək yeni nəsil gənclərin yetişdirilməsi prosesidir və bu, ən azı 10-15 il çəkəcək. İndi Ermənistan hərbi, mənəvi və ideoloji cəhətdən əzikdir və ona görə də Azərbaycanla istənilən silahlı münaqişə onu daha da böyük dövləti-siyasi deqradasiyaya sürükləyəcək. Ermənistanın rəhbərliyində sağlam düşüncəli, ayıq başlı adamlar olsa, bu vəziyyətin ciddiliyini dərk etməyə bilməzlər. Buna görə də, mənim fikrimcə, Paşinyanın Parisə qarşı bütün tələsik demarşları və saltoları, Makronla qucaqlaşması, həm onun, həm də Fransa lideri üçün xarici siyasət hədəflərindən daha çox daxili siyasi məqsədlər daşıyır”, - deyə ekspert bildirib.

    Onun sözlərinə görə, Robert Koçaryanın oğlunun Ermənistan Milli Assambleyasına deputat seçilməsi ilə parlamentdə əsl anti-Paşinyan müxalifətinin formalaşmasına başlanılıb və Ermənistanın parlament respublikası olduğunu nəzərə alsaq, o zaman bu fakt ciddi problem yaradır. Burada baş nazir Nikol Paşinyanın ölkədə hakimiyyətini qoruyub saxlamaq üçün Qərbə doğru, şəxsən Makronun qarşısında reveranslar etməsi də mühüm rol oynayır.

    Rusiyalı tarixçi qeyd edib: “Yeri gəlmişkən, mənim fikrimcə, eyni səbəb Ermənistan hökumətinin başçısının Azərbaycanın tələbi ilə konstitusiya islahatının aparılmasına belə asan razılıq verməsini şərtləndirib, mən hələ təxminən dörd il əvvəl Ermənistanın qonşusuna ərazi iddialarına istinadla bunu deyirdim. Əgər Paşinyan yalan danışmırsa, onda martın 1-də İrəvanda ölkə Konstitusiyasının yeni variantını hazırlayacaq konstitusiya məclisi toplanmalı idi. İndi Ermənistanda çox yaxın gələcəkdə respublikanın hansı formada olacağı tamamilə məlum deyil - istər parlament, istər prezident, istərsə də parlament-prezident olsun. Düzünü deməliyik: Paşinyan hiyləgər və çevikdir, o, Azərbaycanın təhdidlərini yerinə yetirmək adı altında islahatlar nəticəsində hakimiyyətini daha da gücləndirmək üçün ölkənin siyasi strukturunu tamamilə yenidən formalaşdıra bilər. Bütün kartlar onun əlindədir”.

    Ekspert, eyni zamanda, kimin indi kimə daha çox - Paşinyanın Makrona və ya Makronun Paşinyana lazım olduğunu söyləməkdə çətinlik çəkib.

    O.Kuznetsov sonda deyib: “Görünür, onların hər ikisi indi öz oyunlarını oynayır, düşdükləri məğlub vəziyyətdən layiqli çıxış yolu tapmaq üçün az qala “pasodobl” rəqsi edirlər. İlin sonuna kimi onlardan hansının digərinə olan marağını daha tez itirəcəyini görmək maraqlı olacaq. Çünki onları artıq şəxsi maraqdan başqa heç nə birləşdirmir”.

    AZƏRTAC