İmam Rzanın doğum günündə qəsd?
Mayın 19-na keçən gecə müsəlmanların 8-ci imamı – imam Rzanın (ə) mövlud gecəsidir
Heydərbaba, yolum səndən kəc oldu,
Ömür keçdi, gələmmədim, gec oldu.
Heç bilmirəm, gözəllərin nec oldu?
Bilməz idim, döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
İran tarixi həm də sui-qəsdlər tarixi, salnaməsidir.
Statistika burada çox sərtdir. Bu statistikada İbrahim Rəisinin qəzaya uğramış helikopteri nə birincidir, nə də ki, əfsus, sonuncu.
İndiki qəza 1981-ci ilin 28 iyununda baş vermiş bir başqa qəzanı kölgədə qoya bilər. O vaxt İran parlamentindəki partlayış nəticəsində, başda ayatullah Beheşti olmaqla, çox sayda insan təlafatı olmuşdu. O partıayışı indiki qəzayla eyni müstəviyə, tərəziyə qoymaq mümkündür. Lazımdır.
Belə partlayışlar İranda adətən siyasi düyünlərin bərkidiyi, açılmaz Qordi düyününə döndüyü vaxt baş verir.
Səbəb xarici yox... daxili siyasi qüvvələr nisbətiylə də bağlı ola bilər.
Son molla parlamentinə seçkilər vaxtı islahatçı mollalar burada öz namizədlərinin sayını 52-yə çatdırdılar. Xamneyi tərəfdarları isə cəmi 36 kürsü ilə kifayətləndilər.
Xubrəqanda, yəni molla parlamentində isə cəmi 88 kürsü var. Xamneyinin yaşı 84-ü ötüb. Vilayəte-fəqihin xələfini məhz bu 88 nəfər seçəcək. Üstünlük isə, gördüyümüz kimi, Xamneyi tərəfdarlarında yox, əleydarlarındadır. İslahatçılar düşərgəsindədir.
İsrailə raket zərbələri nəticəsində Xamneyi bax bu islahatçılar qanadını Qərblə, ABŞ-la dialoq qurmaq imkanlarından məhrum etmişdi. İslahatçıların molla parlamentindəki səsi nüfüz çoxluğunu bax bu cür neytrallaşdırmışdı.
Əks-zərbə gözlənilirdi. Yəni, səbəbkarları gəlin İran daxilində axtaraq, xaricdə yox.
Qəzada bir mistik işarə də var - mayın 19-na keçən gecə müsəlmanların 8-ci imamı – imam Rzanın (ə) mövlud gecəsidir. İmam Rza atası İmam Kazim Bağdad zindanında şəhid olduqdan sonra (hicrətin 183-cü ilində) 35 yaşındaykən imamətə çatıb. Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların bu 8-ci imamı, Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib və şəhadətə qovuşub. 55 yaşında vəfat edən İmam Rza Məşhəddə dəfn edilib.
Prezident İbrahim Rəisi məhz İmam Rza nəslindən gələn ağır seyiddir. Ulu babasının doğum günü - 19 may tarixi, məncə, sui-qəsdçilər, yaxud mistika tərəfindən təsadüfən seçilməyib.
P. S. Qısası, qəzanın texnogen səbəbini yuxarıdakı müddəalar, alihəzrət mistikanın özü sual altına qoyur. Qəzanı təkcə təbii duman-sis yox, siyasi, mistik duman da müşayət etməkdədir.