XƏBƏRLƏR / Təbiət

İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib

İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir.

    Bu barədə bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

    "İqlim dəyişikliklərinin nəticələrini azaltmaq üçün səylər göstərilməlidir. Mütəxəssislər və elm adamları belə nəticəyə gəliblər ki, iqlim dəyişikliyi əvvəllər gözlənildiyindən daha sürətlə baş verir. Bu, hər ölkədə fərqli təzahür edir. Dünya okeanının səviyyəsinin yüksəlməsi bütün ölkələrə təsir edir", - o deyib.

    Nazir müavini Azərbaycanın da istisna olmadığına diqqət yetirib.

    "Son vaxtlar həm paytaxtda, həm də bölgələrdə iqlim dəyişikliyinin nəticələri müşahidə olunur: daşqınların sayı artıb, güclü istilik dövrləri tezləşib.

    Azərbaycanda 1999-2000-ci illərdə dörd daşqın olub, 2020-2021-ci illərdə onların sayı 50-yə yüksəlib, 2023-cü ildə isə 147 sel və daşqın rekordu qeydə alınıb. Təbii fəlakətlərin sayının artması iqlim dəyişikliyinin fəsadlarından biridir.

    Bütün bunlar insanların həyatına və özəl sektora təsir göstərir. Dayanıqlı biznes aparmaq üçün iqlim dəyişmələri ilə əlaqədar riskləri nəzərə almaq lazımdır", - deyə U.Tağıyeva əlavə edib.

    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

    BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

    Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.