İran Azərbaycan səfirliyinin işinin bərpasını istəyir
Bu barədə jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov deyib
2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı Azərbaycan tərəfinin gözləntiləri var və biz bunu İran tərəfinə açıq şəkildə çatdırmışıq.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, tez bir zamanda cinayət istintaqının başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirlər: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir."
Bayramov: "Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.