İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi təhlil edir
Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi.
2020-ci ilin yanvarında İranın xarici hərbi və kəşfiyyat əməliyyatlarına nəzarət edən Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymaninin ABŞ tərəfindən öldürməsindən sonra, Zahidinin məhvi İİKK üçün ən böyük itkilərdən biri oldu. Suriya və Livandakı əməliyyatlara cavabdeh Qüds Qüvvələri komandirlərinin yerləşdiyi, rəsmi Tehranın konsulluq adlandırdığı binaya zərbə İrana açıq və birbaşa hücum idi. İran tərəfi demək olar ki, dərhal hücumun cavabsız qalmayacağını bildirdi və bu cavabın ağır olacağı barədə xəbərdarlıq etdi.
İsrailə nəyə görə əlavə eskalasiya lazım idi?
İsrailin bu addımını həm xarici siyasətdə hazırda ölkənin qarşısında duran hədəflər, həm də sırf Netanyahu hökumətinin maraqları zəruri edirdi. Həmin məqamları aşağıdakı kimi ümumiləşdirmək olar:
- İsrail tərəfi İİKK-nin Livan və Suriyadakı elit Qüds Qüvvələrinin rəhbəri olaraq Zahidinin törədilən və planlaşdırılan cinayətlərə görə məsuliyyət daşıdığını qeyd edirdi. İsrailə görə, məhz Zahidi “uzun illərdir ki, İİKK-nın və Qüds Qüvvələrinin Suriya və Livanda etdiyi hər şeyə cavabdeh” idi. Həmçinin o, İranın hazırda dünyada ən yaxşı silahlı qeyri-dövlət təşkilatı sayılan “Hizbullah”a silah ötürməsində əsas rol oynayırdı.
- İİKK zabitlərinə göstərmək lazım idi ki, onlar hətta İran ərazisində belə təhlükəsizlik və toxunulmazlıq zonasında ola bilməyəcəklər.
- İsrail İrana başa salmaq istədi ki, Təl-Əviv Tehranın “proksi oyununu” qəbul etməyəcək. İsrail “iranlı kukla sahiblərini də, onların marionetlərini də” vurmağa hazırdır. İranda İsrail ilə bağlı qərar qəbul edənlər şəxsi məsuliyyət daşıyacaqlar.
- İsrailin hərəkəti eskalasiya aktı idi və münaqişənin qəsdən genişləndirilməsinə hesablanmışdı. İsraildə belə hesab edirlər ki, münaqişə artıq Qəzza ərazisini çoxdan aşıb və problemi yalnız Qəzza daxilində həll etmək mümkün deyil. Ona görə də münaqişənin coğrafiyası genişləndirilməlidir.
- Təl-Əviv ümid edirdi ki, müharibənin coğrafi baxımdan genişləndirilməsi ABŞ və digər Qərb müttəfiqlərini aktiv əməliyyatlara qoşulmağa məcbur edə bilər.
- İsraildə belə hesab edirdilər ki, müharibə coğrafiyasının genişlənməsi yəni, münaqişənin lokaldan regionala çevrilməsi dünya ictimai rəyində bu müharibə haqqında təsəvvürün dəyişməsinə imkan verə bilər. Yəni, bu qarşıdurma israillilərlə məzlum fələstinlilər arasında münaqişə olmaqdan çıxaraq, fərqli dünyalar, Qərb və Şərq arasında qarşıdurmaya, sivilizasiyaların toqquşmasına və “qlobal cənubun” hücumunun dəf olunması aksiyasına çevrilə bilər.
- Davam edən müharibə Benyamin Netanyahuya hökumətini hakimiyyətdə saxlamağa və Baş nazir vəzifəsində qalmağa imkan verir. Netanyahu və hökuməti oktyabrın 7-də HƏMAS-ın hücumu ilə uğursuzluğa düçar olub. Baş nazir və ətrafı yaxşı başa düşür ki, hərbi əməliyyatlar başa çatandan dərhal sonra İsrail seçkilərə gedəcək və hakimiyyət onların əlindən alınacaq.
- İsrail oktyabrın 7-də HƏMAS-ın hücumuna hazır olmasa da, İrandan raket hücumu ehtimalına uzun illər hazırlaşırdı (ən azı 2007-ci ildən, Ehud Barakın Müdafiə nazirliyinə qayıtmasından sonra). Son eskalasiya İsrail hakimiyyətinə ölkəni qorumaq iqtidarında olmasını nümayiş etdirməklə yanaşı, hər iki tərəfin real imkanlarını öyrənmək və qiymətləndirmək baxımından da əhəmiyyətli idi.
- Aprelin 14-nə keçən gecə baş verən hücum bir daha sübut etdi ki, Tehran yəhudi dövlətinə nüvə başlığı çatdırmaq üçün kifayət qədər imkanlara malikdir. İsrail uzun müddətdir ki, İranın nüvə proqramından narahatdır. Ona görə də bu eskalasiya ilə İsrail İranın nüvə obyektlərinə zərbəni legitimləşdirmək məqsədinə nail olmağa çalışdı və bu legitmliyi təkcə Qərbdən deyil, həm də ərəb ölkələrindən ala bildi.
Netanyahu hökumətinin mövqeyi
İranın cavabından sonra İsraildə həm ordu, həm də cəmiyyət siyasi rəhbərlikdən Tehrana qarşı qeyri-mütənasib güclü zərbə tələb edirdi. Lakin İsrail rəhbərliyi anlayırdı ki, İrana qarşı cavab zərbəsi Təl-Əvivi Tehranın hücumundan müdafiə edən beynəlxalq koalisiyaya təhlükə yaratmamalıdır. İranın İsrailə cavab zərbəsinin nəticələri sonuncu üçün paradoksal oldu. Belə ki, Təl-Əviv zərbənin qarşısını mükəmməl şəkildə almaqla qisas üçün daha az legitimlik əldə etdi. Hücum nəticəsində İsrailə dəyən ziyan cüzi oldu.
Son hadisələr İsrailin daxili siyasətinə və Netanyahunun mövqelərinə də təsirsiz ötüşmədi. Sorğulara əsasən, israillilərin 71%-i onun vəzifədən getməsini istəyir. Eyni zamanda, 42% Netanyahunun dərhal istefasını, 29% isə hərbi əməliyyatlar başa çatdıqdan sonra istefaya getməsini məqsədəuyğun sayır. Hazırda İsrailin əsas problemi məhz daxili problemdir. Netanyahunun tənqidçilərinə görə, bu hökumət mümkün olan hər şeyi edir ki:
- İsrail hətta Qəzzada belə müharibəni bitirə bilməsin;
- Müharibə aparmaq mümkün qədər çətin olsun;
- Dünya ictimai rəyi İsraili qınasın;
- İsraili vurmaq istəyən oyunçuların sayı artsın.
Hərbi əməliyyatlar başa çatdıqda və bölgədəki gərginlik nisbətən azaldıqda, yenidən hakimiyyətə seçilmək imkanı olmayan hazırki hakim koalisiya ilə yanaşı, hərbi əməliyyatlara birbaşa rəhbərlik edən ordu və kəşfiyyat xidmətlərinin rəisləri də tam tərkibdə istefaya gedəcəklər. Onlar yaxşı anlayırlar ki, əksəriyyəti Dövlət İstintaq Komissiyası tərəfindən təqsirli bilinərək cəzalandırılacaqlar.
ABŞ-ın mövqeyi
İrana cavabın necə olacağına İsrailin müharibə kabineti qərar vermədi. Cavab tədbirləri üçün bir neçə mümkün ssenari amerikalılarla razılaşdırılaraq müzakirə edildi. Belə hesab edilir ki, İsrailin İrana daha böyük zərbə vurmaqla bağlı təhdidləri Qəzzada daha geniş fəaliyyət azadlığı əldə etmək üçün Netanyahu hökuməti tərəfindən Qərbə qarşı şantaj kimi istifadə olundu. Həqiqətən də ABŞ və bütövlükdə Qərb İsrailin indiki zamanda daha geniş müharibəyə başlamasında maraqlı deyildi. Bayden administrasiyası ciddi şəkildə İsrail rəhbərliyinə genişmiqyaslı eskalasiyaya səbəb ola biləcək addımlar atmamaqla bağlı xəbərdarlıq edirdi.
Bayden hesab edir ki, Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra oktyabrın 7-dən əvvəl mövcud olan vəziyyətə qayıtmaq mümkün olmayacaq. Hərbi həll yolu ilə yanaşı, Qəzza probleminin siyasi həlli də zəruri olacaq. Çünki siyasi həll olmadan artıq təhlükəsizlik həlli də mümkün olmayacaq. Bayden 1967-ci il 6 günlük müharibə nəticəsində ələ keçirilən ərazilərin İsrail tərəfindən işğalına qarşıdır. Buna baxmayaraq, Vaşinqton hökuməti son dönəmdə İsrailə qarşı çox səxavətli davrandı, əlavə hərbi yardımlar ayırdı, Aralıq dənizində iki aviadaşıyıcı hücum qrupu yerləşdirdi və əvəzolunmaz diplomatik yardım göstərdi.
Hazırda bir çox Qərb tərəfdaşları hesab edirlər ki, ABŞ balanssız hərəkət edir, İsraili çox dəstəkləyir, ona həddindən artıq manevr azadlığı verir. Təkcə xaricdən deyil, həm də Birləşmiş Ştatlar daxilində və Demokratik Partiyanın özündə də prezident Baydenə İsrailə verdiyi ilkin qeyd-şərtsiz dəstəyə görə təzyiq edilir. Sorğular göstərir ki, bir çox Demokrat seçici Baydenin Qəzza müharibəsi ilə bağlı siyasətini dəstəkləmir. Digər tərəfdən, Bayden və Netanyahunun uzun müddətdir davam edən şəxsi düşmənçiliyi də iki ölkə arasındakı münasibətləri çətinləşdirir.
İranın mövqeyi
İran rəhbərliyi hesab edir ki, Amerika donanmasını regiona gətirən 7 oktyabr hadisələri ABŞ-ın Yaxın Şərq işlərinə müdaxiləsini artırdı və hazırda İranın regional strategiyasına maneədir. Rəylərini aldığımız İsrailli ekspertlər iddia edirlər ki, bu yaxınlara qədər İranın ABŞ və İsraillə toqquşma mövzusuna fərqli baxışı və fərqli strateji planları var idi. Belə ki, həmin iddialara görə Rusiya və Ukrayna arasında müharibənin başlanğıcından İran üç qarşıdurmanı birləşdirmək niyyətini güdürdü. Tehran Rusiya və Ukrayna, Ermənistan və Azərbaycan, İran və İsrail qarşıdurmalarını bir araya gətirməyə çalışırdı.
Lakin sentyabrın 19-da Azərbaycanın uğurlu və ildırımsürətli hərbi əməliyyatları, oktyabrın 7-də isə HƏMAS-ın uğursuz hücumu, ABŞ tərəfindən hərbi qüvvələrin bölgəyə yeridilməsi - bütün bunlar İran rejiminin planlarını xeyli dəyişdi. Ona görə də hazırda Tehran qəti şəkildə gərginliyin artmasını istəmir.
Rusiyanın mövqeyi
Təmasda olduğumuz İsrailli ekspertlər iddia edirlər ki, İsrailin qeyri-rəsmi kanallarla Rusiyadan aldığı mesaj təxminən belədir: “Səbrli olun və sakit oturun! İndi bizim İrana, İranla əməkdaşlığa çox ehtiyacımız var. Bizim İsrail əleyhinə açıqlamalarımızın səbəbi də budur. Bu mərhələ bitdikdən sonra yenidən dost olacağıq”.
Hər halda, Rusiyanın İsrail üçün problemlərin sayını xeyli artırmağa qadir olduğunu Netanyahu hökuməti də yaxşı anlayır. Odur ki, Təl-Əviv öz addımları ilə Moskvanı qəzəbləndirməməyə və bu istiqamətdə vəziyyəti daha da gərginləşdirməməyə çalışır.
Nəticə
Beləliklə də, tam əminliklə deyə bilərik ki, İsrail İranla eskalasiyadan, ilk növbədə Qəzzada əməliyyatları genişləndirmək üçün istifadə etdi. Netanyahu hökuməti İrana qarşı daha yumşaq cavab zərbələri qarşılığında ABŞ-dan Fələstində daha geniş fəaliyyət azadlığı, xüsusilə də Rəfahdakı əməliyyatlar üçün yaşıl işıq aldı. Görünən odur ki, yaxın perspektivdə bölgədəki gərginlik səviyyəsi yüksək olaraq qalacaq.
Son İran-İsrail gərginliyi ilə həm ABŞ-İsrail müttəfiqliyi, həm də İbrahim razılaşmaları döyüş sınağından keçdi. İran İsraili ABŞ-la qarşı-qarşıya qoymaq istədiyi halda, bunun əksi baş verdi. Ümumi düşmən anlayışı Vaşinqtonla Təl-Əvivi birləşdirdi. Eyni zamanda, bu eskalasiya Bayden administrasiyasının İran siyasətinin yanlışlığını üzə çıxarmaqla mövcud yanaşmanın iflasına səbəb oldu.
Azərbaycana gəlincə, Tehranla Təl-Əviv arasındakı münasibətlərin daha da gərginləşdiyi bir dövrdə rəsmi Bakının mövqeyi həm İran, həm İsrail, həm də ABŞ üçün optimal, qəbuledilən və proqnozlaşdırılandır.