İran narkokuryerləri drondan istifadə etməyə başlayıb FOTO
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi xəbər verir
Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, dövlət sərhədində potensial təhdidlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti və DSX-nin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.
Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.