İran prezidentinin Pakistana səfəri planlaşdırılır
“The News International” qəzeti yazır
İran Prezidenti İbrahim Rəisi aprelin 22-də Pakistana iki günlük səfər etməyi planlaşdırır.
“The News International” qəzeti bu barədə diplomatik dairələrdəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, səfərin qrafiki İslamabad və Tehran tərəfindən hələ rəsmi olaraq müəyyən edilməsə də, İbrahim Rəisinin Pakistana səfər planı artıq təsdiqlənib.
İbrahim Rəisi ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında danışıqların əsas mövzusunun Yaxın Şərqdəki son hadisələr və regional təhlükəsizlik məsələsinin olacağı gözlənilir. Bildirilir ki, səfər çərçivəsində, həmçinin ikitərəfli münasibətlər, o cümlədən iki ölkə arasında qaz kəmərinin tikintisi və azad ticarət sazişi müzakirə olunacaq.