İran şahını kim yıxdı - İmam Xomeyni, yoxsa Cimmi Karter?
Masada neft qiymətləridir. Neft ucuzlaşacaqmı?
Siyasətdə gərək ova “qoşqlülə” ilə çıxasan. İki fərqli, ancaq oxşar mövzunu gərək bir tüfəngin nişangahına gətirməyi bacarasan.
ABŞ Demokrat partiyası bunu hələ ötən əsrin 70-ci illərində reallaşdırdı. Orta Şərqdə İsrail sağçıları ilə İran şahını bir tərəziyə qoyub, gerçək geopolitik mənzərəni dəyərləndirdi.
O vaxtkı “ABŞ respublikaçıları+İsrail sağçıları+İran şahı” tandemini laxlatmağa başladılar.
O vaxt İran şahı ilə İsrail sağçıları tam məxfi “Transasiatik Oil” neft şirkəti qurmuşdular. İran neftini tankerlərlə Qırmızı dənizə daşıyırdılar. İsrailin Eylat limanından başlyıb Aralıq dənizinədək uzanan xətt boyu tam məxfi neft kəməri də tikmişdilər.
“Aşkelon-Eylat” adlanan bu neft kəməri o vaxtkı Orta Şərqin tale ssenarisini dəyişdi.
Şahla birgə İsrail sağçlıarı qəşəng şahmat oyunu qurmuşdular o vaxt Orta Doğuda. Neft daşıma yolları üzərində öz nəzarətlərini qurub Süveyş kanalını iflic etmişdilər. Ərəb-İsrail münaqişəsinə görə bu kanal qapanmışdı. Ərəb nefti o vaxt Avropaya uzun və çox bahalı dəniz yolunu keçməyə məhkumdur. İran nefti isə İsrailin tam məxfi “Eylat-Aşkelon” neft kəməri vasitəsi ilə yolunu xeyli qısaltmışdı.
Qiymətlər nisbəti ərəblərin xeyrinə deyildi.
Ərəb-İsrail müharibəsi uzandıqca, Süveyş kanalı neft daşımaçılığına qapalı qaldıqca, Məhəmmədrza şah da varlanırdı, elə İsrail sağçıları da. Gizlində ABŞ demokratlarının tarixi rəqibi ABŞ Respublikaçılar partiyası da o cümlədən.
ABŞ Demokrat partiyasının rəhbərliyi, Cimmi Karter bu gizlinləri bilincə, qərara gəldilər ki, oyunu pozsunlar. Orta Şərqdə sülh prosesinə start verdilər. Kemp-Deviddə İsrail-Misir sülh anlaşmasını imzalatdırdılar. Süveyş kanalı açıldı. Ərəb nefti maneəsiz Avropaya axdı.
Neft ucuzlaşdı.
Nəticədə Şahın sonu gəldi.
İran inqilabi ilə Kemp-Devid anlaşmaları eyni vaxtda, eyni sinxronluqla davam edib, biləsiniz. 1978-ci ilin payızında baş verib bütün bu dramatik hadisələr.
Qısası, İran şahı Məhəmmədrzanı demokrat partiyası, ABŞ Prezidenti Cimmi Karter yıxdı pərdəarxasında.
Üzdəki müəlliflik haqlarını qəsdən ötürdülər İmam Xomeyniyə.
İndi, aradan 45 il ötdükdən sonra ABŞ Demokrat partiya rəhbərliyi bu Cimmi Karter mirasını yenidən reanimatsiya etməyə hazırlaşır. İran liberalları ilə Demokrat partiyası arasında “2-ci Kemp-Devid anlaşması”nın imzalanması gözlənilir. ABŞ prezidentlərinin “Kemp-Devid” iqamətgahını indi Oman coğrafiyasına dəyişiblər. ABŞ tərəfindən masa arxasında xüsusi nümayəndələr Bret Makqerkdir, bir də Abram Peyli. Masanın digəri ucunda İran rəsmisi Əli Baqer Kani əyləşib.
Mövzunu İranın BMT-dəki rəsmi nümayəndəsi Əmir Səid İrəvanı neyçünsə tələm-tələsik təsdiqləyib. Adətən indiyədək belə mövzuları Tehran gizləyərdi. Xalça altına süpürərdi. İndi nədənsə etiraf edib.
Danışıqlar leqallaşdırılır, legitimlik qazanır demək ki. 2022-ci ildən başlayan proses öz zenit nöqtəsinə yüksəlir.
Aradan elə bil heç 45 il ötməyib. Mövzular, şahmat gedişləri eynidir. Edam kürsüsündə bu dəfə də eyni konservativ qüvvələrdir - İsrail sağçıları, Benyamin Netanyahu siyasəti. Bir də... ABŞ demokratlarının göz düşməni Vilayəte-fəqih Xamenei. İran mühafizəkarları.
Siyasətdə gərək ova “qoşqlülə” ilə çıxasan. İki fərqli, ancaq oxşar mövzunu gərək bir tüfəngin nişangahına gətirməyi bacarasan.
ABŞ Demokrat partiyası, hələ ötən əsrin 70-ci illərində reallaşdırdığı ssenarini yenidən təkrarlamaq istəyir.
Bu ssenari isə İranını tarixi salnaməsində, İran “Şahnamə”sində yeni abzaslar tələb edir.
İran tarixinin ssenarisi isə hələ min il əvvəl yazılıb. Ssenarist Əbülqasim Furdousidir. Ssenari sifarişçisi türk hökmdarı Sultan Mahmud ibn Səbuktəkin. “Şahnamə” adlanan bu əsəri Sultan Mahmud bəyənməmişdi. Qonorarını kəsmişdi.
Zaman ötdü, dövran dəyişdi. Firdovsinin yarımçıq, nöqsanlı ssenarisi artıq köhnəlib. Yenisinə ehtiyac var. Yenisini ABŞ yazarı Mürrey Roszmarin qələmə alıb. Yazara məxsus “Random Access Media” şirkəti bu yeni “Şahnamə” üzərində son hazırlıqlarını, redəktələrini bitirmək üzrədir. “Sonuncu şah” adlanan bu serial çox vaxtlı-vaxtında teletamaşaçıların görüşünə tələsir.
Sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin həyatını əhatələyən bu serial, düzü, məndə bir çox suallar doğurdu. Əvvəla indiki sifarişçisi, Sultan Mahmudu kimdir, yaxşı, sual olunur, bu növbəti, yeni “Şahnamə”nin?
Murrey Rozmarinin yazıçı, kino bioqrafiyasına bircə dəfə iti gözlə baxsan, bəsindir. O, ABŞ Demokrat Partiyasının sol qanadı ilə, antisionist cinahı ilə sıx bağlıdır. Ərəb-İsrail münaqişəsində fərqli mövqeli bir araşdırma filmi də çəkib. İsrail atom dosyesini dünyaya tanıdan Mordahey Vanunu barədə da oxşar bir başqa filmin müəllifidir.
Qısası, çörəyi veriblər çörəkçiyə.
45 il əvvəlki İran-İsrail münasibətləri yazıçı Murrey Rozmarin tərəfindən bittə-bittə öyrənilib. Köçürülüb hard-disklərə. Çevrilib film ssenarisinə. Müasir “Şahnamə” qısası hazırdır. Anonsu verildi. Hədəfdə bu dəfə də neftin qiymətidir. Bir də İsrail, İran konservatorları.
Nefti də ucuzlaşdırmaq istəyirlər.
Elə müasir İsrail, İran sağçılarını da.
Detalları, bax, bu elektron ünvandan öyrənə bilərsiniz:
https://variety.com/2024/tv/global/the-lash-shah-iran-pahlavi-the-crown-drama-series-1236010215/.
Payız seçkilərinə qədər ABŞ demokratları məhz bu iran siyasətlərini, İran serialını reallaşdırmağa tələsəcəklər.
Bu günkü "Şahnamə"nin sifarişçisi ABŞ Prezidenti Con Baydendir. Firdovsisi isə Hollivud yazarı Murrey Rosmarin.
P.S. Masada neftin qiymətidir. Azərbaycana bu proses, bu yeni "Şahnamə" ssenarisi nə qədər sərfəlidir görəsən?