İran ümid edir ki, Azərbaycan səfirliyi 15-20 günə açılacaq
Bu barədə İran XİN-nin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu bildirib
Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu bildirib.
Azərbaycan tərəfi bu haqda heç bir məlumat verməyib.
Dəmirçilu onu da qeyd edib ki, rəsmi Tehran hələlik İranın Azərbaycana yeni səfirini təyin etməyib. Onun sözlərinə görə, ölkədə yeni hökumət formalaşandan sonra səfir təyinatı məsələsinə baxılacaq.
Qeyd edək ki, İran mətbuatı ölkənin Azərbaycanda yeni səfirinin məhz Müctəba Dəmirçilunun təyyin ediləcəyini yazır.
Belə ki, SEPAH-ın “Telegram” kanalında İranın Azərbaycana yeni səfir göndərəcəyi ilə bağlı paylaşım edilib. Məlumatda deyilib: “Əldə olunan məlumata görə, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana yeni səfir təyin olunacaq”.
M.Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib. Hazırda XİN-də Avrasiya Baş İdarəsininrəisi postunu tutur.