İran vətəndaşı Ermənistan həbsxanasında ağzını tikib
Məhəmməd Həvaşemzadə Armavir həbsxanasında aclıq aksiyasına başlayıb

İran vətəndaşı Ermənistanın Armavir həbsxanasında dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.
Ermənistanda “sərhədi pozmaq” ittihamı ilə 11 aydır həbsdə olan İran vətəndaşı Məhəmməd Həvaşemzadə Armavir həbsxanasında aclıq aksiyasına başlayıb.
O, İranda “Qadın, Həyat, Azadlıq" şüarı ilə xalq etirazlarında iştirakı zamanı da həbsə məhkum edilmişdi.
Keçmiş siyasi məhbusun sözlərinə görə, həbsdən müvəqqəti azad edildikdən sonra İranın təhlükəsizlik orqanları ondan əl çəkməyib və "İran İnternational" telekanalının iki jurnalistini oğurlamaq planında SEPAH ilə əməkdaşlıq etmək üçün ona təzyiq ediblər. Məhəmməd isə imtina edərək sonda İranı tərk edib Ermənistana getməyə məcbur olub
29 yaşlı siyasi məhbus 2024-cü il iyulun 6-da Ermənistanı tərk etmək istəyərkən “sərhədi pozmaq” ittihamı ilə həbs edilmiş və məhkəmə onu eyni ittihamla üç il bir ay müddətinə azadlıqdan məhrum edib.
Onun uzun müddətə cəzalandırılması, çox güman ki, İranın İrəvandakı səfirliyi ilə razılaşdırılaraq baş tutub.