İrana işləyən ilahiyyatçı Hacı Əli Əliyevə 15 il iş verildi
Əliyev 2007-ci ildə Qum şəhərində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Hacı Əli Əliyevin (Behişti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yanvarın 29-da, bazar ertəsi hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əli Əliyev 2023-cü ilin aprelində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Onun yaşadığı evə baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülüb.
İttihama görə, Hacı Əli Əliyev 2007-ci ildə Qum şəhərində İranın xüsusi xidmət orqanları ilə əlaqəsi olan müəyyən “Əkbər”lə əməkdaşlığa başlayıb. Ə.Əliyev 2007-2014-cü illərdə Binə, Maştağa və Nardaran kəndlərindəki məscidlərdə olub, İrana rəğbət bəsləyən insanlar haqqında məlumat toplayıb.