XƏBƏRLƏR / Qonşular

İrana növbəti humanitar yardım yola salınıb

Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilib

İrana növbəti humanitar yardım yola salınıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınıb.

    Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emil Həsənzadə deyib.

    O bildirib ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Buna 76 ton həcmində ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində tibbi ləvazimatlar daxildir.

    Emil Həsənzadə humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərildiyini qeyd edib.

    O, humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsullarının da əlavə olunduğunu vurğulayıb.