XƏBƏRLƏR / Qonşular

Paşinyan yaralı Azərbaycan əsgəri barədə YENİLƏNİB

Ermənistanın Baş naziri parlamentdə suallara cavab verib

Paşinyan yaralı Azərbaycan əsgəri barədə YENİLƏNİB
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 18:37

    Sərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan Ordusunun hərbçisi müəyyən müddət Ermənistanda qalacaq.

    “Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə sualları cavablandırarkən bildirib.

    O qeyd edib ki, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.

    Paşinyanın sözlərinə görə, hadisə zamanı yaralanan Ani Avetyan adlı kənd sakini polis əməkdaşlarının gəlməsini gözləsəydi, bütün bunlar baş verməzdi.

    “Hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb. Onlar evdə tanımadıqları şəxsi görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü də hadisə yerinə getmək qərarına gəlib və polis əməkdaşlarından əvvəl oraya çatıb”, - o qeyd edib.

    Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bəzi sosial media səhifələrində Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə xəbərlər yayıldığı qeyd olunub.

    “Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.

    Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

    Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.

    Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir", - Baş Prokurorluğun məlumatında deyilir.

    ***

    17:01

    Baş nazir Nikol Paşinyan parlamentə keçirilən "hökümət saatında" Ermənistana keçən Azərbaycan hərbiçisi Nəsimi Musayevin saxlanılma şəraitindən danışıb:

    "Əlində odlu silah ola-ola Azərbaycan hərbçisi saxlanılarkən heç bir müqavimət göstərməyib. Bildiyim qədəri ilə, o, həmçinin bir neçə xəsarət alıb".

    Paşinyanın sözlərinə görə, o, həbsin videoçəkiliş olub-olmadığını bilmir. Baş nazir bu məsələyə aydınlıq gətirəcəyinə söz verib.

    “Güclü Ermənistan” fraksiyasının üzvü Lianna Qasparyanın sualını cavablandıran Paşinyan həmçinin bildirib ki, Şaki hadisəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında sülh prosesinə şübhə yaradan qiymətləndirmələrlə razı deyil.

    "Məndə olan məlumata görə, bu məsələ ilə bağlı Azərbaycanda da cinayət işi açılıb. Azərbaycan Baş Prokurorluğu bəyanat yayaraq bildirib ki, onların hərbçisi qulluq etdiyi yeri icazəsiz tərk edib" - Baş nazir qeyd edib.

    Bu barədə erməni mətbuatı məlumat verib. 

    Daha sonra çıxış edən müdafiə naziri Suren Papikyan bildirib ki, Azərbaycan əsgəri həbs olunarkən müqavimət göstərməyib və bu da onun təxribatçı (diversant) olmadığını göstərir.

    Papikyan bildirib ki, hadisə ilə bağlı ətraflı məlumat rəsmi araşdırmalar və istintaq hərəkətləri aparıldıqdan sonra veriləcək.