İranda azərbaycanlı Prezident ola bilər
Sorğulara görə, Məsud Pezeşkian birinci yerdədir
İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyasında əsas mübarizə islahatçıların nümayəndəsi, azərbaycanlı əsilli deputat Məsud Pezeşkianla mühafizəkar namizəd, xarici işlər nazirinin keçmiş müavini Səid Cəlili arasında gedir.
Tehranın keçmiş meri, parlamentin spikeri, İslam Respublikasının Ali Rəhbəri Əli Xamneyinin favoriti Məhəmməd Bağer Qalibaf seçki kampaniyasının əvvəlində potensial qalib hesab edilsə də, sorğulara görə üçüncü yeri tutur.
Son sorğulara görə, Pezeşkianın reytinqi xeyli artıb və o, Cəlili və Qalibafı geridə qoya bilib. Bir sorğuya görə, seçicilərin 24,4 faizi ona səs verməyə hazırdır.
Ondan bir qədər geridə qalan Səid Cəlili respondentlərin 24 faizinin dəstəyini alıb. İlk üçlüyü bağlayan Qalibafın reytinqi 14,7 faizdir.
Pezeşkianın reytinqlərinin sürətlə artmasından narahat olan mühafizəkar dairələr sosial şəbəkələrdə və mediada ona qarşı aktiv kampaniyaya başlayıblar. Pezeşkian “pantürkist” kimi təqdim olunur və onun köhnə ifalarının videoları yayılır.
Qeyd edək ki, qonşu İranda Prezident seçkiləri 28 iyun tarixinə təyin olunub.